İranın azəri əyalətləri başda olmaqla ölkənin bütün əyalətlərinin cümə imamları İsveçdə Qurani-Kərimin təhqir olunmasına reaksiya veriblər.

Zəncan imam cüməsi: “İsveç hökuməti bu təhqirin bədəlini ödəməli və ya onun bütün nəticələrini qəbul etməlidir.”
Vəliyyi-fəqihin Zəncan əyalətində nümayəndəsi və Zəncan şəhərinin imam cüməsi bəyanatla çıxış edərək Qurana qarşı hörmətsizliyi çirkin, iyrənc, bütün müsəlmanlar və İslam ümməti tərəfindən pislənən, nifrət olunan hərəkət adlandırmaqla yanaşı deyib: “Bu gülünc hərəkətlər bütün ilahi və səmavi dinləri təhqir etməkdir.”
Zəncan imam cüməsi vurğulayıb: “İsveç hökuməti bu təhqirin bədəlini ödəməli və ya onun bütün nəticələrini qəbul etməlidir.”
İmam cümə bildirib ki, bu iyrənc bir hərəkətdir, çünki dünyada 2 milyard insanın müqəddəslərini təhqir etmək söz azadlığı deyil və bu hörmətsizlik yalandan söz azadlığı adlanır.
Höccətül-islam Xatəmi əlavə edib: “Bu çirkin iş bütün müsəlmanlar və İslam ümməti tərəfindən pislənilir, bütün ilahi və səmavi dinlərə qarşı təhqir hesab edilir.”
Zorakılığa və nifrətə çağırışın söz azadlığı ilə heç bir əlaqəsi yoxdur
Təbriz in imam cüməsi də İsveçdə Qurani-Kərimin təhqir olunmasına sərt reaksiya verərək deyib: “Bu həftə İsveç ölkəsində iyrənc və mənfur bir hərəkəti gördük. Bu hərəkətin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur və bütün bunlar bəhanədir.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyalətində nümayəndəsi əlavə edib ki, bəzi Avropa ölkələri keçmişdə olduğu kimi söz azadlığını dəstəkləmək bəhanəsi ilə müqəddəslərə və İslam dəyərlərinə nifrət yaymaq yolunu seçiblər, insan haqları şüarı vermələrinə baxmayaraq, böyük müsəlman camiəsinin hüquqlarını pozurlar.
Höccətül-islam vəl-müslimin Ali_Haşim xütbəsinin davamında deyib: “Zorakılığa və nifrətə çağırışın söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Beynəlxalq ictimaiyyət sözügedən ölkələrin insan haqlarını pozan təhqiramiz hərəkətlərinə qarşı yekdilliklə dayanmalıdır.”
Əgər İsveç, Danimarka və Charlie Hebdonun təhqirə yol verdiyi ilk addımında bu ölkələrin səfirləri İslam ölkələri tərəfindən ölkədən qovulsaydı, iş bu yerə çatmazdı
Ayətullah Seyid Həsən Amili Ərdəbil in cümə namazı xütbələrində deyib: “Avropalılar müsəlmanların böyük bayramında müsəlmanlara mənfur bayramlıq verdilər. İsveç polisi ekstremist qruplaşmaya Quranı yandırmağa rəsmən icazə verdi. Bu qrup fitili qaldıraraq Stokholmun əsas məscidində Quranı yandırdı. 2022-ci ildə də polis Quranı yandırmaq istəyən qrupa Quranı yandırmağa rəsmən icazə vermişdi.”
İmam cümə xütbəsinin davamında deyib: “İsveç hökuməti bunu əsas gətirir ki, Avropada hər şey azaddır, biz azadlığı heç bir inancla məhdudlaşdırmırıq, hətta Allaha qarşı nümayişlər də azaddır! Halbuki, onlar homoseksualların və onların bayraqlarının təhqirinə, Holokostun təhqirinə dözmürlər. Amma 2 milyarda yaxın müsəlmanı narahat etməyi və onları təhrik etməyi icazəli bilirlər. Səbəb yalnız bir şeydir: onlar müsəlmanları ümumiyyətlə insan sayılmır. Ona görə də müsəlmanların narahatlığı onlar üçün heç bir əhəmiyyət kəsb etmir.”
Ayətullah Amili daha sonra deyib: “Qəribədir ki, İsveç hökuməti Quranın yandırılmasına rəsmi şəkildə icazə verib. Verilən lisenziyada açıq şəkildə yazılıb ki, sizə müsəlmanların kitablarını yandırmağa icazə verilir. Quranı yandırmaq üçün verilən bu rəsmi icazə şübhəsiz ki, Qurana, İslama və müsəlmanlara qarşı müharibə elanıdır.”
Xətib daha sonra Qurana hörmətsizliyin qarşısının alınması yollarını da göstərərək deyib: “Bu təhqirlərin qarşısını almaq üçün çarə yolu İslam dünyasında İsveç mallarını boykot etmək və İsveç səfirlərini İslam ölkələrindən çıxarmaqdır. Əgər İsveç, Danimarka və Charlie Hebdo ilk dəfə Quranı və Allahın Rəsulunu (s) təhqir etdiyi vaxt, bu ölkələrin səfiri İslam dövlətləri tərəfindən ölkədən çıxarılsaydı, iş bu yerə çatmazdı.”