İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Nael adlı 17 yaşlı yeniyetmənin ölümünə etiraz əlaməti olaraq Fransa şəhərlərində xaos, iğtişaş, qarşıdurma və talanların dördüncü gecəsi keçdi. Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə ötən gecə baş vermiş iğtişaşlardan dəyən ziyanı əks etdirən video və fotolar, gecə saatlarında yanğınların və yanan avtomobillərin görüntüləri yayılsa da, əsas problem hələ də polis vəhşiliyi, təhlükəsizlik qüvvələrinin güc və zorakılıq tətbiq etmək hərəkəti və polis qüvvələrinə etiraz edən insanlara qarşı asanlıqla odlu silahdan istifadə etməyə icazə verən qanunlardır.
Yeniyetməyə atəş açan polis ilk hesabatında avtomobil sürücüsünün polis əmrinə tabe olmaması və qətl törətmək qorxusunun polisin silahdan istifadə etməsinə səbəb olduğunu açıqlasa da, bir videonun yayılması bu hesabatın doğruluğunu şübhə altına aldı.
Bu videoda motosikletə minmiş iki polis avtomobil sürücüsünə maşını saxlamağı əmr edir, sürücü bir az dayandıqdan sonra yenidən hərəkətə başlayır. Bu vaxt polislərdən biri sürücü pəncərəsindən ona atəş açır. Hərəkətdə olan avtomobil bir neçə metr irəlidə elektrik dirəyinə dəyir və qanuni yaşına çatmamış yeniyetmə sürücünün ölümü ilə dayanır.
2021-ci ildə Fransa polisinin əmrlərini qəbul etməkdən imtina ilə bağlı 27 700-ə yaxın hadisə qeydə alınıb. Bu da son 10 ildə polisə tabe olmaqdan imtinanın iki dəfə artdığını göstərir. Bu məsələ polis və təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadə etməsinin əsas səbəbi kimi elan edilib.
Ekspertlər hesab edir ki, polisin adi insanlara qarşı silahdan istifadəsinin artmasına səbəb, özünümüdafiədən istifadəni əsaslandırmaqda “qəsd etmək” anlayışını qəbul edən 2017-ci il qanunudur.
2022-ci ildə yol polisinin dayanmaq əmrinə məhəl qoymayan 13 nəfər polisin atəş açması nəticəsində həlak olub. Belə rekord qeydə alındıqdan sonra cəmi 5 polis məsuliyyətə cəlb edilib.
Hüquq və Məhkəmə İnstitutlarının Sosiologiyası Mərkəzinin sosioloqu və tədqiqatçısı Kristian Mouhanna 2017-ci ildə qəbul edilmiş qanunu “qeyri-müəyyən” hesab edərək deyir: “Bu qanunda deyilir ki, polis bir neçə xəbərdarlıqdan sonra silahdan istifadə edə bilər, xüsusilə bir insan başqa bir insanın həyatı və sağlamlığı üçün təhlükə hesab edilərsə. Bu qanun polisə zorakılıq tətbiq etməyə icazə verir, halbuki, adi vətəndaşın bu imkanı yoxdur.”
O, vəziyyətin mürəkkəbləşməsinə səbəbin “zorakılığın miqdarının tənasübü” və ondan “istifadənin zəruriliyi” məsələsi olduğunu bildirərək deyib: “Bu qanun silahdan istifadədə şəffaflıq əvəzinə qeyri-müəyyənlik yaratdı. Çünki burada açıq-aşkar icazə və ya qadağa yoxdur və biz yalnız polisin vəziyyəti qiymətləndirməsinə söykənə bilərik.”
Sosioloq qeyd edib ki, polis hər dəfə maşını saxlamağı əmr edəndə sürücünün əmrdən imtina etməsi və bununla da belə hadisənin təkrarlanması ehtimalı var.
Publish Date: 1 iyul 2023 - 23:26
Tehran – İRNA - Fransada motosikletli polisin dayanmaq əmrinə tabe olmayan 17 yaşlı yeniyetməyə atəş açması və onu öldürməsi, əvvəllər də dəfələrlə polis zorakılığı və qətllərə görə tənqid edilən ölkə daxilində qəzəb və etiraz dalğasına səbəb oldu.