İRNA-nın məlumatına görə, Əli Əkbər Əhmədian Rusiya prezidenti Vladimir Putinin xüsusi köməkçisi İqor Levitinlə görüşündə hazırkı hökumətin qonşularla, xüsusilə Rusiya ilə münasibətləri inkişaf etdirməyə, regional təşəbbüsləri dəstəkləməyə, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarda iki ölkənin milli maraqlarının həyata keçirilməsinə ciddi yanaşdığını vurğulayıb.
Ali Milli Təhlükəsizlik Şurasının katibi qlobal proseslərə və onun geosiyasi və geostrateji balanslara təsirinə toxunaraq deyib: “Bu vəziyyət hər iki ölkədən Şimal-Cənub Dəhlizi, qərb, dəniz və şərq marşrutları olmaqla bütün dəhlizlərini tez bir zamanda aktivləşdirməyi tələb edir.”
Əhmədian qeyd edib ki, razılaşdırılmış layihələrin həyata keçirilməsinin sürətləndirilməsi, o cümlədən Şimal-Cənub Dəhlizinin tamamlanması və neft-qaz sahəsində imzalanmış memorandumlar İran İslam Respublikasının Rusiya ilə ikitərəfli əməkdaşlıq sahəsində ən mühüm prioritetlərindən biridir.
Ali Milli Təhlükəsizlik Şurasının katibi bu il may ayında iki ölkə prezidentlərinin iştirakı ilə imzalanan Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişi iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ölkə iqtisadiyyatının dinamizminə töhfə verən böyük addım kimi dəyərləndirib.
Bu görüşdə Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin Əhmədianı İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ticarət əlaqələri, bank işi və müştərək iqtisadi layihələrlə bağlı son hadisələr haqqında hesabat təqdim edib.
O, iki ölkənin müqavilələrinin həyata keçirilməsində irəliləyişdən məmnunluğunu ifadə edərək deyib: “Rusiya Federasiyası hökuməti iki ölkə arasında əldə olunan razılaşmaların tezliklə həyata keçirilməsi və mövcud maneələrin aradan qaldırılması üçün bütün səylərini göstərəcək.”
İ. Levitin Tehran və Moskva arasında son illərdəki geniş əməkdaşlığı iki ölkə liderlərinin iradəsinin nəticəsi adlandıraraq deyib ki, iki ölkə prezidentləri arasında nəqliyyat və tranzit, energetika, tibb və elm sahələri də daxil olmaqla, razılaşmaların təyin olmuş zamanda həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsində ciddi sıçrayış olacağı ilə eyni zamanda regionun tranzit və kommersiya imkanlarının inkişafına da çox müsbət və mühüm təsir göstərəcək.