Tehran – İRNA - Azərbaycan Respublikasının “Report” İnformasiya Agentliyi Bakı və İrəvan rəsmilərinin ümumi sərhəd bölgələrində iki ölkənin sərhədlərinin müəyyən edilməsi üçün operativ görüşlərin keçirilməsi barədə razılığa gəldiyini açıqlayıb.

İRNA-nın “Report”-a istinadən cümə günü verdiyi məlumata görə, iki ölkənin səlahiyyətli orqanları və ekspertləri iki ölkə sərhədinin müxtəlif yerlərində sərhəd demarkasiyası komissiyalarının operativ iclasları keçirəcəklər.

“Report” bildirib ki, bu haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib. Məlmatda deyilir: “Tərəflərin qarşılıqlı razılığına əsasən görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb.”

KİV-lərin verdiyi xəbərə görə, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.

Report bildirib ki, tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.

Təxminən 3 il əvvəl Azərbaycan Respublikası ilə Ermənistan arasında baş vermiş 44 günlük müharibədən sonra hər iki tərəf Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıb. Bundan bir neçə ay sonra Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşması üçün danışıqlar başlayıb. İki ölkə rəsmilərinin sözlərinə görə, danışıqlarda yaxşı irəliləyiş var.

Sərhədlərin müəyyən edilməsi, Qarabağın mərkəzində (Xankəndi şəhəri və ətraf kəndlərdə) yaşayan ermənilərin Ermənistanla əlaqə saxlama üsullarının müzakirəsi, o cümlədən Zəngəzur və Laçın dəhlizləri kimi kommunikasiya yollarının yaradılması son iki il yarımda sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşması üçün iki tərəf arasında mübahisəli məsələlərdən olub.