İRNA-nın şənbə günü “Əl-Ərəbi əl-Cədid”-ə istinadən verdiyi məlumata görə, sionist ravvin Nir Ben Artsi Livan Hizbullahının Təl Əviv və ətraf ərazilərə yönəlmiş minlərlə raketi haqda danışaraq İsrail rejimi rəsmilərinin məhkəmə dəyişiklikləri ilə bağlı etiraz nümayişlərini dayandırmalı və diqqəti təhlükəsizlik məsələsinə yönəltməli olduğunu bildirib.
Ravvin əlavə edib: “Livan Hizbullahı İsrailin zəifliyini izləyir ki, (vəd edilən an yetişəndə) Nəhariyyədən Eylata qədər uzanacaq bir hücuma keçsin.
Belə bir hücuma başlamaq üçün tətiyin çəkilməsi kifayətdir. İstər Livanda Hizbullah, istərsə də Fələstində HƏMAS, İslami Cihad, ya da Cenin, Əl-Xəlil, Nablus, hətta İran da bütün müqavimət qrupları belə bir anı gözləyir.”
Artsi qeyd edib ki, 1948-ci ildə işğal olunmuş ərazilərdəki bəzi fələstinlilər Ərəb - İsrail müharibəsinin (1973) əvəzini çıxmaq üçün belə bir anı gözləyirlər. Hizbullah sionist rejimin nəbzini, təhlükəsizlik qurumlarının və ordunun zəifliyini araşdırır, Təl-Əvivi sərgərdan etmək üçün uyğun anı gözləyir.
Bundan əvvəl bəzi sionist medialar Fələstinin işğal olunmuş şimalındakı sionistlər yerləşmiş bölgələrin rəsmilərinin Hizbullahla müharibə ehtimalı və ona qarşı işğalçı sionistlərin müdafiəsiz qalmasından qorxduqları barədə yazmışdılar.
Habelə, sionist rejim mediası bu rejimin Hizbullahla müharibəyə hazır olmadığına toxunaraq son 17 ildə Hizbullahın artan qabiliyyətini sionist rejimin ən böyük uğursuzluğu adlandırıblar.
Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah 25 May Müqavimət və Azadlıq Günü münasibətilə çıxışında sionist rejimi səhv hesablamalara və yeni axmaqlıqlara yol verəcəyi təqdirdə böyük müharibə ilə hədələyərək , İsrail tərəfində canlı qüvvənin azalması qarşısında müqavimət cəbhəsindəki canlı qüvvənin yüksək imkanlarına diqqət çəkib.