Tehran – İRNA – İran incəsənətində Aşura hadisəsi və Həzrət Seyidüş-Şühəda İmam Hüseyn (ə) və onun səhabələrinin şəhadətinin rolu və təsiri açıq-aşkar görünür. Qədimdən indiyədək Aşura incəsənəti sənətkarların böyük əsərlərinin yaradılması üçün bir stimul olmuşdur.

İRNA-nın mədəniyyət müxbirinin verdiyi məlumata görə, Aşura hadisəsi müxtəlif əsrlərdə rəssamların diqqət mərkəzində olan ən mühüm mövzulardan biri olub. Bu incəsənət xadimləri Aşura rəssamlığını zaman və məkanla məhdudlaşmayan həyat sənəti hesab etmişlər.

Aşura hadisəsinə, şəhidlərin ağası və başçısı İmam Hüseyn (ə) və onun səhabələrinə bağlılığın nümayişi bir neçə əsrdir ki, İran xalqının həyatında ciddi rola malik olmuş və təbii ki, onun təsirlərini bu xalqın yaratdığı sənət əsərlərində görmək olar. Bu inanclar incəsənət formasında göstərildikdə, çox vaxt xalq inanclarından doğan və dini-ritual mərasimlərdə illərdir istifadə edilən işarə və simvollarla müşayiət olunan ayinlər, bu dəfə kətan üzərində rəsm edilir ki, simvollar bədii baxışla yenidən hazırlanıb yayımlansın.

İran incəsənət xadimləri, xüsusən də rəssamlar müxtəlif üsul və üslublarda Aşura əsərləri yaratmışlar və bu əsərlərdən bəziləri insanlar tərəfindən heç vaxt unudulmayıb.

Bir çox incəsənət xadimləri belə hesab edirlər ki, Aşura sənəti həyat sənətidir və zaman və məkanla məhdudlaşmır. Odur ki, Aşura sənəti görkəmli miniaturist rəssam Mahmud Fərşçianın “Aşura günü axşamüstü” (Əsre-Aşura) tablosu, habelə Hüseyn Qollar Ağasinin əsərlərindən tutmuş gənc rəssam Həsən Ruhuləminin Aşura barədə rəsmlərinə qədər, hər bir rəssamın öz anlayışına və baxışına uyğun təsvir edə bildiyi bir sənətdir.

İndiyə qədər yaradılmış ən təsirli və məşhur Aşura rəsmlərindən biri görkəmli rəssam və miniaturist Mahmud Fərşçianın “Aşura günü axşamüstü” tablosudur. Bu rəsmin mövzusu İmam Hüseynin (ə) sahibsiz atının Aşura günü axşamüstü xeyməgaha qayıtmasıdır. Bir çox sənətşünaslar bu rəsmin elementlərinin bir-biri ilə məharətlə və yaxından əlaqəli olduğuna inanırlar. Bu da, onu gözəl və təsirli bir əsərə çevirib.

Əzadar qadın və qızların, habelə İmam Hüseynin (ə) atının ətrafında tünd rənglərdən istifadə edilməsi, Aşura hadisəsinin kədərini tamaşaçıya çatdırır.

Fərşçianın “Aşura günü axşamüstü” tablosundan əlavə, Aşura ilə bağlı daha iki miniatür rəsm əsəri var ki, onlardan biri “Haqq bayraqdarı” adlı əsərində Həzrət Əbülfəzlin (ə) su məşqi olmadan qayıdışından bəhs edir, digəri əsəri isə “Eşq hədiyyəsi” adlanır və Həzrət Əli Əsğərin (ə) şəhadət səhnəsini təsvir edir.

Bu görkəmli rəssam bu rəsmlərin üçünü də Astan Qüds Rəzəvi Muzeyinə bağışlayıb.

Fərşçian “Aşura günü axşamüstü” tablosu haqqında deyib: Əsərlərim arasında insanların bəyəndiyi əsərlərə daha çox maraq göstərirəm. Lakin əsərlərim arasında “Aşura günü axşamüstü” tablosunu çox bəyənirəm. Bu, Həzrət Əbu Abdullah Hüseynə (ə) və Aşura günü hadisəsinə bağlılığımla əlaqəlidir. Belə ki, bu məni həmişə təsirləndirib.