İRNA-nın “Əl Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Fuad Hüseyn bu bazar ertəsi Bağdadda Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Bədəyvi ilə görüşündən sonra onunla birgə keçirdiyi mətbuat konfransında deyib: “Bu görüşdə İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında yaxşı münasibətlər müzakirə olundu və biz bunu alqışlayırıq.”
F. Hüseyn əlavə edib: “İraqın xarici siyasəti qonşu dövlətlərlə münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə yönəlib. Bu baxımdan biz Fars körfəzinin ərəb ölkələri ilə əlaqələrimizi gücləndirmişik.”
İraqın xarici işlər naziri regionun təhlükəsizliyinin gücləndirilməsində ölkənin roluna toxunaraq qeyd edib ki, təhlükəsizliyin gücləndirilməsi regionda kollektiv vəzifədir. Fars körfəzinin ərəb ölkələrinin qonşu ölkə İran və Türkiyə ilə münasibətlərinin nəticəsini görürük. İraqın bu sahədə rolu var.
O deyib: “Biz bu görüşdə vurğuladıq ki, regionda təhlükəsizliyin təmin edilməsi birgə vəzifədir və regionun təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq zəruridir.”
Xarici işlər naziri görüşdə İraq və Fars Körfəzi Əməkdaşlıq Şurasının ərəb ölkələri arasında bu il BƏƏ-də keçiriləcək və mühüm sammit sayılan iqtisadi sammiti də müzakirə edildiyini bildirib.
F. Hüseyn əlavə edib: “Bu görüşdə Fars Körfəzi Əməkdaşlıq Şurasının ərəb ölkələri ilə iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olundu. Elektrik enerjisi məsələsi müzakirə olunan mühüm məsələlərdən biridir. Körfəzdəki ərəb ölkələri və Səudiyyə Ərəbistanının şəbəkəsi vasitəsilə İraqın elektrik enerjisinə qoşulması əsas müzakirə mövzularından biri oldu. Ümid edirik ki, elektrik şəbəkəsinə qoşulma sahəsində son mərhələyə çatacağıq.”
O sonda qeyd edib ki, Fars körfəzinin ərəb şirkətlərinə qaz, neft və onların investisiyaları ilə bağlı qapılarımız açıqdır.