Tehran - İRNA - Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ikitərəfli məsələlər, o cümlədən son hadisələrlə bağlı iqtisadi əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi axşam saatlarında Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Bu telefon danışığında tərəflər ikitərəfli məsələlər, o cümlədən son hadisələrlə bağlı iqtisadi əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əhmədiyan bu danışıqda İran İslam Respublikasının regionda davamlı sülhün bərqərar olması üçün hərtərəfli dəstəyini elan edərək vurğulayıb: “Diplomatiya və dialoq ölkələr arasında fikir ayrılıqlarına və münaqişələrə son qoymaq üçün ən yaxşı seçimdir.”