İRNA-nın bazar ertəsi günü İraqın 964 kanalına istinadən verdiyi məlumata görə, İraq Kürdüstanı İmam Hüseynin (ə) Ərbəin yürüşündə iştirak etmək üçün Hacı Umran (Təmərçin) sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olacaq təxminən yarım milyon iranlı zəvvarı qəbul etmək üçün hazırladığı proqramı tamamlamışdır.
Məlumata əsasən, sözügedən keçiddən İraqa daxil olacaq Ərbəin zəvvarları Ərbilə, daha sonra avtobusla Bağdada gedəcəklər.
Zəvvarlar Hacı Umran sərhəd məntəqəsindən rayonun nəqliyyat departamentinin ayırdığı avtobuslarla Ərbil Beynəlxalq Sərgisi keçrilən Sami Əbdürrəhman parkına, buradan isə istədikləri yerə göndəriləcəklər.
Hacı Umran keçid məntəqəsinin rəsmiləri bildiriblər ki, onlar bu məntəqədə kompüterləri, iqamətgahları və oturacaqları artırıb, avtobusları saxlamaq üçün böyük qaraj istifadəyə verib və zəvvarların qəbulu üçün bütün hazırlıq işlərini yekunlaşdırıblar.
Sözügedən İraq kanalı əlavə edib ki, bu sərhəd məntəqəsindən İraqa daxil olan zəvvarların əksəriyyəti İranın şimal əyalətlərindən olacaq.
İraq Kürdüstanı regionunun rəsmiləri İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə gedəcək iranlı zəvvarların gömrüyə gəliş prosesinin avqustun 18-dən başlayacağını proqnozlaşdırır.
Onlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən olan yarım milyona yaxın Ərbəin zəvvarının Hacı Umran gömrüyündən İraqa daxil olacağını proqnozlaşdırıblar.
"Təmərçin" və ya "Hacı Umran" Qərbi Azərbaycan vilayətinin kürdlərin yaşadığı Piranşəhr şəhəri yaxınlığında yerləşən İran və İraqın Kürdüstan regionu arasında ən şimal sərhəd keçid məntəqəsidir.