Marağa - İRNA - Marağa imam cüməsi və Şərqi Azərbaycan əhalisinin Rəhbərlik Ekspertlər Şurasındakı nümayəndəsi bəzi fəqihlərin həcc ziyarəti kimi Kərbəla ziyarətinin də hər bir müsəlmana həyatında ən azı bir dəfə vacib olduğuna inandıqlarını bəyan edərək deyib: “İmam Hüseynin (ə) ziyarəti, xüsusən də Ərbəin ziyarəti dünya və axirət sərmayəsi kimi çox mühümdür və bu yolda xərc çəkmək tövsiyə olunmuşdur.”

İRNA-nın məlumatına görə, Ayətullah Məhəmmədtəqi Purməhəmmədi cümə axşamı “Əbdülqadir Marağı” zalında keçirilən “Hüseyn (ə) Ərbəini İctimai Konfrans”da bildirib: “Tarix boyu bəzi insanlar bir çox təhlükələrə baxmayaraq Ərbəin ziyarətinə getmişlər. O dərəcədə ki, bəzi hallarda öz əllərinin kəsilməsi bahasına İmam Hüseyni (ə) ziyarət etməyə gedirdilər.”

Ərbəin ziyarətinin yalnız İmam Hüseynin (ə) şəhadəti barəsində tövsiyə olunduğunu vurğulayan imam cümə, hətta İmam Əli (ə) və digər imamların şəhadəti ilə bağlı Ərbəin ziyarətinin tövsiyə olunmadığını deyib.

O, qeyd edib ki, bir çox zaman kəsimlərində şiələr İmam Hüseyn (ə) üçün gizli əzadarlıq ediblər. Əzadarlıqlar evdə keçirilən məclislər sayəsində günümüzə qədər gəlib çatmışdır. Canlandırılmalı olan məsələlərdən biri də bu ayinlərin evlərdə keçirilməsidir.

Marağa imam cüməsi İraq xalqının Ərbəin zəvvarlarına evsahibliyi etməsinə də toxunaraq deyib: “Hətta kasıb insanlar da bir il boyunca yığdıqları vəsaiti zəvvarlar üçün xərcləyirlər. Çünki onlar Ərbəin ziyarətinin əhəmiyyətini yaxşı dərk ediblər.”

Ayətullah Purməhəmmədi “Marağanın 1400 Şəhidi” heyətinin ötən bir ay ərzində bu heyətin Kərbəlada layiqincə xidmət göstərə bilməsi üçün çox dəyərli işlər gördüyünü vurğulayaraq deyib: “Ərbəin zəvvarlarına İraq xalqı ilə birlikdə xidmət etmək təkcə dünya və axirət savabına deyil, həm də müsəlmanların birliyinə səbəb olur.”