Tehran - İRNA - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də bu ölkəyə səfər edəcək.

İRNA-nın məlumatına görə, bu səfərdə iki ölkə prezidentinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər nəzərdə tutulub.

Gündəliyə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Bu danışıqların nəticəsi olaraq tərəflər ikitərəfli sazişlər paketini təsdiqləmək niyyətindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri 2022-ci ilin iyununda baş tutub. Səfər çərçivəsində orada “Heydər Əliyev” adlı küçə və meydanın açılışı olub.

Tərəflər bir sıra sənədlər, o cümlədən ölkələr arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında bəyanat, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi imzalayıblar.