Tehran - İRNA - İraq sərhəd-keçid məntəqəsinin rəhbəri bildirib ki, bazar ertəsi gecəsinə qədər Ərbəin ziyarəti məqsədilə bir milyondan çox xarici zəvvar bu ölkəyə gəlib.

İRNA-nın İraqın “Əl-Məluməh” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ömər əl-Vaili deyib: “Bu sayda Ərbəin zəvvarları avqustun 17-dən İraqa daxil olublar.”

O, həmçinin bildirib ki, İraqın Müdafiə Nazirliyindən tutmuş Daxili İşlər Nazirliyinə, təhlükəsizlik orqanlarına və Əl-Həşd-Şəbiyə qədər bütün departamentlərində ziyarətçilərin gəlişini təmin etmək və yüksək xidmət göstərmək üçün bütün qüvvələr əl-ələ verib. Habelə, Kərbəla zəvvarlarını daşımaq üçün onun yaxınlığındakı keçidlərdə və meydanlarda avtobuslar mövcuddur.

Əl-Vaili vurğulayıb: “İraqa zəvvarların göndərilməsi üçün İran tərəfi ilə çox yaxşı koordinasiya aparılıb.”

Onun sözlərinə görə, Əl-Munziriya sərhəd-keçid məntəqəsindən keçən zəvvarların sayı da 100 mini keçib. Zəvvarların işlərinin sürətləndirilməsi üçün lazımi tədbirlər görülür.

İraq sərhəd-keçid məntəqəsinin rəhbəri qeyd edib ki, qeyri-iranlı zəvvarların gəlişi “Əl-Şeyb” sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir, lakin digər xarici vətəndaşlar da Bağdad, Nəcəf-əşrəf hava limanları və federal hökumətin beş quru keçidi və Kürdüstan bölgəsindəki üç keçid məntəqəsi vasitəsilə həyata keçirilir.

Əl-Vaili bütün təhlükəsizlik, kəşfiyyat və xidmət qüvvələrinə təşəkkür edərək, İraq hökumətinin təmin etdiyi imkanlar və daha yaxşı xidmətlər sayəsində bu il ziyarətçilərin sayının əvvəlki illərdən daha çox olacağını proqnozlaşdırıb.