İRNA-nın müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani BMT Baş Katibi və eyni zamanda Təhlükəsizlik Şurasının sədri Antonio Quterreşə yazdığı məktubda bildirib: “İran İslam Respublikası İsrail rejiminin bölgədə sülh və təhlükəsizliyi pozmağa hesablanmış avantürizm və təxribatçı fəaliyyətlərinə qarşı xəbərdarlıq etməklə yanaşı, beynəlxalq qanunlara və BMT-nin Nizamnaməsinə uyğun olaraq İsrail rejiminin istənilən təhdid və qanunsuz hərəkətlərinə qətiyyətlə cavab vermək üçün qanuni və təbii hüquqlarını qətiyyətlə vurğulayır.
İran İslam Respublikasının BMT-dəki səfiri əlavə edib: “İran İslam Respublikası həmişə və açıq şəkildə bəyan edib ki, öz təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək, eləcə də xalqını qorumaq üçün təbii və qanuni hüquqlarından istifadə etməkdən çəkinməyəcək.”
İran səfirinin məktubunda daha sonra vurğulanır: “İsrail rejiminin İrana qarşı davamlı olaraq beynəlxalq qanunları pozması ilə bağlı daha bir hadisəni Təhlükəsizlik Şurasının diqqətinə çatdırmaq istərdim. İsrail rejiminin rəsmiləri İranı və İran rəsmilərini açıq şəkildə hərbi güc və terror hücumları ilə hədələməkdə davam edir və bunun ən sonuncusu Mossad direktoru David Barneanın təxribat xarakterli və müharibə qızışdıran açıqlamasıdır. O, 10 sentyabr 2023-cü il tarixində Herzliyadakı Reyxman Universitetində Terrorla Mübarizə Siyasəti İnstitutunda (ICT) çıxışında İran İslam Respublikasına qarşı yalan və əsassız iddialara əl ataraq: “Mossad və onunla müttəfiq olan beynəlxalq kəşfiyyat xidmətlərinin xaricdə yəhudilərə və israillilərə qarşı İranın 27 hücumunun qarşısını aldığını” iddia edib. O, həmçinin İranı və İran rəsmilərini güc tətbiqi, terror və terror hərəkətləri ilə hədələyərək deyib: Əgər israillilər və ya yəhudilər zərər görsələr, İsrail İrana fərqli əvəz tətbiq edəcək, o cümlədən, hücumların arxasında qərar qəbul edənləri hədəf almaqla və Tehranın qəlbinə zərbə endirməklə.”
Yüksək səviyyəli diplomat bildirib: “İran İslam Respublikası bütün bu əsassız ittihamları qətiyyətlə rədd edir. Aydındır ki, bu kimi əsassız iddialar, ilk növbədə, bu işğalçı və aparteid rejimin bölgədə yürütdüyü düşmənçilik və bədxah siyasətindən, xüsusilə də bu rejimin Fələstin xalqına qarşı hər gün davam edən cinayətlərindən diqqəti yayındırmağa xidmət edir. Üstəlik, bu uydurma ittihamlar İsrail rejimi tərəfindən digər xalqlara və suveren dövlətlərə qarşı törətdiyi dəhşətli və qanunsuz hərəkətlərə bəraət qazandırmaq üçün bəhanə kimi istifadə olunur.”
İrəvani qeyd edib ki, BMT-nin müstəqil ölkəsinin hakimiyyətini açıq şəkildə güc və terrorla hədələyən bu təxribatçı və müharibə qızışdıran açıqlamalar, təkcə beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq-aşkar pozulması deyil, həm də bu qeyri-qanuni rejimin öz mövcudluğunu saxlamaq üçün həyata keçirdiyi terror fəaliyyətlərinin bariz nümunəsidir.
İran İslam Respublikasının BMT-dəki səfirinin məktubunun davamında bildirilir: “Bundan əlavə, bu kimi müharibə qızışdırıcı ritorika və təhdidlər fərdi hərəkətlər kimi şərh edilməməlidir. Əvvəllər də Təhlükəsizlik Şurasına çoxsaylı yazışmalarımızda, o cümlədən 1 mart 2023-cü il tarixli məktubda (S/2023/165) vurğulandığı kimi, İsrail rejimi İran ərazisində terror aktlarında və təxribat fəaliyyətlərində iştirakını açıq şəkildə etiraf edib. Bu cür hərəkətlər son illərdə İran rəsmiləri, alimləri, mülki şəxsləri və ölkənin dinc nüvə infrastrukturunu hədəf alıb. Ona görə də son düşmənçilik bəyanatları göstərir ki, İsrail rejimi artıq İrana qarşı törədilmiş bütün cinayət və terror aktlarının məsuliyyətini öz üzərinə götürməli və onun nəticələri ilə üzləşməlidir.”
İranın BMT-dəki daimi nümayəndəsi vurğulayıb: “İran İslam Respublikası İsrail rejiminin bölgədə sülh və təhlükəsizliyi pozmağa hesablanmış avantürizm və təxribatçı fəaliyyətlərinə qarşı xəbərdarlıq etməklə yanaşı, beynəlxalq qanunlara və BMT-nin Nizamnaməsinə uyğun olaraq İsrail rejiminin istənilən təhdid və qanunsuz hərəkətlərinə qətiyyətlə cavab vermək üçün qanuni və təbii hüquqlarını qətiyyətlə vurğulayır. İran İslam Respublikası həmişə və açıq şəkildə bəyan edib ki, öz təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək, eləcə də xalqını qorumaq üçün fitri və qanuni hüquqlarından istifadə etməkdən çəkinməyəcək.”
İrəvani bildirib: “Yuxarıda qeyd olunanlara əsasən, İran İslam Respublikası Təhlükəsizlik Şurasından öz öhdəliklərini yerinə yetirməsini və İsrail rejiminin regionun sülh və təhlükəsizliyinə ciddi təhdid olan müharibə xarakterli ritorikasını və təxribatçı fəaliyyətini pisləməyi tələb edir.
Bu rejimin beynəlxalq qanunlara əməl etməyə məcbur olması və regionda təhlükəli fəaliyyətinə son qoyması vacibdir.”
İranın BMT-dəki səfiri sözlərinə belə davam edib: “Fürsətdən istifadə edərək, İranla bağlı bütün yanlış və əsassız istinadları, habelə, S/2023/504 və S/2023/564 sənədlərində İsrail rejiminin nümayəndəsinin ölkəmə qarşı səsləndirdiyi əsassız ittihamları tamamilə rədd edirəm.”
Məktubun sonunda İrəvani Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibinə müraciət edərək yazıb: “Bu məktubu Təhlükəsizlik Şurasının sənədi kimi dərc etsəniz, lütf etmiş olarsınız.”