İRNA-nın bazar ertəsi “Hill” xəbər saytına istinadən verdiyi məlumata görə, Ağ Ev bildirib: “İrandakı beş amerikalı məhbus bazar ertəsi beş iranlı məhbusun azadlığa buraxılması və İranın 6 milyard dollarlıq aktivlərinin blokdan çıxarılması qarşılığında azad edilib.”
Adının açıqlanmasını istəməyən Ağ Evin yüksək rütbəli rəsmisi bu barədə Amerika mediasına bildirib: “Bazar ertəsi səhər saatlarında beş amerikalı məhbus və onların iki ailə üzvü Vaşinqtona getmək üçün Qətər təyyarəsi ilə Dohaya yola düşüb.”
Bu amerikalı rəsmi İran və ABŞ arasında məhbus mübadiləsi razılaşmasını uzun və mürəkkəb danışıqların nəticəsi adlandırıb.
Bir neçə saat əvvəl “Reuters” xəbər agentliyi də məlumatlı mənbələrə istinadən amerikalı məhbusların İranı tərk etmək üçün Qətər təyyarəsinə köçürüldüklərini bildirib.
“Reuters” bundan əvvəl Qətərdəki məlumatlı mənbəyə istinadən Qətər təyyarəsinin bu gün səhər saatlarında beş amerikalı məhbusu və onların iki ailə üzvünü Dohaya köçürmək üçün İranda olduğunu xəbər vermişdi.
Məlumatlı mənbə Cənubi Koreyadan İranın 6 milyard dollarlıq aktivinin Dohadakı bank hesablarına köçürüldüyünü də açıqlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı deyib: “İranın Cənubi Koreyadakı aktivlərinin maliyyə blokadasının aradan qaldırılması və məhbusların mübadiləsi ilə bağlı iki tərəf arasında razılaşmanın icrası prosesi addım-addım və uyğun sürətlə irəliləyib və bu gün Cənubi Koreyadan aktivlərimizi alacağımıza ümid edirik.”
Kənani əlavə edib: “Məhz bu əsasda həmin gün məhbusların dəyişdirilməsi həyata keçiriləcək və beş İran vətəndaşı məhbus Amerika həbsxanalarından azad ediləcək. Onu da qeyd edim ki, azad olunanlardan ikisi İrana, bir nəfəri isə üçüncü ölkəyə ailəsinin yanına gedəcək. Digər iki nəfər Amerikada qalmaq istəklərini bildiriblər. Qarşılıqlı olaraq beş məhbus Amerikaya təhvil veriləcək.”