İRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Baqiri çərşənbə axşamı Rusiya Federasiyasının Müdafiə naziri general Sergey Şoyqu ilə görüşündə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “İki ölkə başçılarının qərarına əsasən, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələr yüksəliş və inkişaf yolundadır. Xoşbəxtlikdən bu əlaqələr zamanla yeni aspektlərə nail olmuşdur.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi əlavə edib: “Bu gün dünyada baş verən proseslər birqütblü dünya dövrünün başa çatdığını və beynəlxalq sistemin strukturunun çoxqütblü dünyaya doğru hərəkət etdiyini göstərir.”
General Baqiri bununla bağlı deyib: “İran və Rusiyanın mövqelərinin nəticələri də eyni məsələdən xəbər verir ki, qlobal proseslərin çoxqütblü sistemə doğru hərəkəti sürətlənir.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiya Müdafiə nazirinə müraciət edərək deyib: “Sizin Moskva Təhlükəsizlik Konfransındakı çıxışınız da qlobal güc strukturunun və qüvvələr balansını çoxqütblü sistemə doğru hərəkətini göstərir.”
General-mayor Baqiri daha sonra deyib: “İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nəzəri budur ki, İran və Rusiya arasında uzunmüddətli əməkdaşlıq hər iki ölkə üçün faydalı olub. Bu səbəbdən İran və Rusiya arasında uzunmüddətli əməkdaşlıqlar sənədi hazırlanır.”
O, qeyd edib ki, bu sənəd güclü hərbi və müdafiə aspektlərinə malikdir və iki ölkə arasında uzunmüddətli əməkdaşlıqların inkişafı üçün əlverişli platforma ola bilər.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi ikitərəfli əməkdaşlıqları inkişaf etdirmək üçün iki ölkənin səylərinin zəruriliyini vurğulayaraq deyib ki, son illər iki ölkə arasında münasibətlərin inkişaf etməsinə baxmayaraq, biz hələ də iki ölkə arasındakı münasibətlərdə istifadə edilməmiş əhəmiyyətli imkanların olduğuna inanırıq və daha çox səy etməklə iki ölkə arasındakı əlaqələr istənilən səviyyəyə çatdırılmalıdır.
General-mayor Baqiri vurğulayıb: “İran və Rusiyanın hərbi sektorları əslində iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında öncüllər sırasındadır. Şübhəsiz ki, iki ölkə arasında birgə hərbi və müdafiə komissiyalarının keçirilməsi bu genişlənən yolun prosesini sürətləndirə bilər.”
O, iki ölkə arasında dəniz sahəsində qarşılıqlı fəaliyyətə toxunaraq deyib: “İndiyədək iki ölkənin dəniz qüvvələri arasında uyğun əməkdaşlıq həyata keçirilib. Bu barədə birgə dəniz təlimlərinin keçirilməsini qeyd etmək olar və bu proses inkişaf etdirilməlidir.”
General-mayor Baqiri deyib: “İran İslam Respublikası gələn ilin fevralında birgə təlimin keçirilməsini iki ölkə arasında müdafiə və hərbi əlaqələrin səviyyəsinin yüksəldilməsi üçün fürsət bilir.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi həmçinin regional mübahisələri və iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarını həll etməyə hazır olduğunu açıqlayıb.