İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, general-mayor Məhəmməd Baqiri həmkarının dəvəti ilə İrana səfər etmiş Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə vurğulayıb: “Cənubi Qafqazda baş verən proseslər və təhlükəsizlik tendensiyaları regionun təhlükəsizliyinə təsir edir.”
O, əlavə edib: “Bu regionda gərginliyin davam etməsi Ermənistan və Azərbaycanın, eləcə də regionun digər ölkələrinin xeyrinə deyil. Səylər bu ixtilafların və gərginliyin aradan qaldırılmasına yönəldilməlidir və İran İslam Respublikası bu gərginliyin aradan qaldırılmasına kömək etməyə hazırdır.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikasının Ermənistan və Azərbaycan sərhədlərinə müşahidəçilər göndərməyə hazır olduğunu elan edərək deyib: “Heç bir ölkənin müdafiə gücünün və hərbi potensialının yüksəldilməsi təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır.”
General-mayor Baqiri deyib: “Regionda sülh və əmin-amanlıq bütün ölkələrin xeyrinədir. Regionda təhlükəsizliyi region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu regionun sülhünə ziddir.”
O, regionda böhran yaratmaq üçün heç bir əsas olmadığını bildirərək qeyd edib ki, təfriqə və iğtişaşlar əcnəbilərin siyasətidir və region ölkələri öz problemlərini dialoq yolu ilə həll etməlidir.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-ın Ermənistanda keçirdiyi son hərbi təlimə münasibət bildirərək deyib: “Regiondankənar yeni aktorların mövcudluğu vəziyyəti daha da mürəkkəbləşdirir və qeyri-sabitliyi artırır.”
Bu xəbərə əsasən, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qafqazda baş verən hadisələrlə bağlı məlumat təqdim edib.