İRNA-nın şənbə günü “SAMA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyə açıqlamasında deyib: “Fələstinin mücahid və qəhrəman xalqı, Ərəb və İslam xalqı, dünyanın azad insanları və Fələstin müqavimət qüvvələri bu tarixi anlarda qəhrəmancasına döyüşə girmişdir və bunun adı “Məscidül-Əqsa, müqəddəslər və əsirlər”dir. Çünki bu döyüşün əsas səbəbi sionistlərin Məscidül-Əqsaya hücumu və bunun son günlərdə şiddətlənməsidir.”
O, vurğulayıb ki, son günlər minlərlə cinayətkar və faşist sionist İslam Peyğəmbərinin (s) qədəmgahına hücum edərək, orada dini mərasimlər keçirib və bu hərəkət, sionistlərin bu müqəddəs yerə nəzarəti ələ keçirməsi üçün bir müqəddimədir.
Həniyyə əlavə edib: “Sionist rejimin bununla bağlı hədəfləri barədə əlimizdə məlumat var idi. Bütün dünya bu hücumlar və düşmənin niyyətləri qarşısında sussa belə, biz susmayacağıq.”
O, daha sonra deyib: “Biz əminik ki, şərqdən qərbə, şimaldan cənuba və dünyanın istənilən nöqtəsində bütün İslam ümməti Məscidül-Əqsanın müdafiəsi uğrunda döyüşün bir hissəsi olacaq. Bütün müsəlmanları və dünyanın azad insanlarını bu müqəddəs məkanın müdafiəsi üçün bu ədalətli döyüşdə iştirak etməyə çağırırıq.”
HƏMAS səlahiyyətlisi qeyd edib ki, indi nə gözləmək, nə müşahidə etmək, nə də yalnız ürəkdə dəstək olmaq vaxtı deyil, əməl vaxtıdır.
Həniyyə bildirib ki, düşmən gərginlik yaratmaq və Qəzzanı mühasirəyə almağı planlaşdırmışdı. Bundan əlavə, düşmən mütəmadi olaraq İordan çayının qərb sahilinə hücum edir və qəsəbələr salır, Fələstin xalqını öz torpaqlarından qovmağa çalışır.
O, açıqlamasının davamında “1948-ci il əraziləri”ndə sionist rejimin cinayətləri də xatırladaraq deyib ki, sionistlər onilliklər ərzində bəzi fələstinliləri əsir götürüb və bu ərazidəki razılaşmaları pozub, azadlığa çıxanlara sədaqət müqaviləsi əsasında azad etdiyi məhbusları yenidən həbs edir.
Həniyyə vurğulayıb ki, qeyd olunan səbəblərdən Məscidül-Əqsanın müdafiəsi üçün şərəf, müqavimət və ləyaqət savaşına başladıq. Komandir qardaşımız Əbu Xalid əl-Zeyfin elan etdiyi kimi, bu döyüş “Əl-Əqsa Tufanı” adlanır. Qəzzadan başlamış bu tufan İordan çayının qərb sahilinə və onun hüdudlarından kənara, millətimizin olduğu hər yerdə çatacaq.
Sionist rejimin işğal olunmuş ərazilərdə fələstinlilərə və müsəlmanların müqəddəs məkanlarına qarşı davam edən cinayətlərinin ardınca, bu gün Fələstin müqavimət qüvvələri havadan, qurudan və dənizdən işğal olunmuş ərazilərdə sionist işğalçılara qarşı hərtərəfli və mürəkkəb əməliyyata başlayıblar. Cəmi 20 dəqiqə ərzində sionistlərin işğal olunmuş ərazilərdəki mövqelərinə 5 min raket və raket atılıb. Müqavimət qüvvələrinə aid pilotsuz təyyarələr də bir neçə sionist mövqelərini hədəfə alıb.
Bir sıra müqavimət komandoları da paraplanlardan istifadə edərək işğal olunmuş ərazilərin bəzi bölgələrinə eniş ediblər və sionist düşmənlə döyüşə giriblər.
Fələstin müqavimət hərəkatının işğal olunmuş ərazilərdəki hərtərəfli əməliyyatı nəticəsində çoxlu sayda sionist hərbçi məhv edilib və ya yaralanıb, 35 nəfər əsir götürülüb.