İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə telefon danışığında iki ölkə arasındakı münasibətləri ən yaxşı vəziyyətdə səciyyələndirib, əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində istənilən addımı alqışlayıb.
Prezident sionist rejimin Qəzzada törətdiyi qeyri-insani cinayətlərə toxunaraq, bu rejimin müharibə cinayətləri və soyqırım maşınının tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayaraq deyib: “Sionist başçıların son günlər bəyanatları və hərəkətləri müharibə cinayətləri, soyqırım və bütün beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasının bariz nümunəsidir.”
Doktor Rəisi Fələstin mücahidlərinin son addımlarının kökündə 75 illik işğalın davam etdirilməsi, müsəlman və məzlum Fələstin xalqının şərəf və ləyaqətinin alçaldılması, müqəddəslərinin təhqir edilməsinin dayandığını bəyan edərək deyib: “Sionist rejim başçıları su və elektrik enerjisini kəsməklə, ərzaq və dərmanların ölkəyə girişinin qarşısını almaqla, fosfor bombası kimi qadağan olunmuş silahlardan istifadə etməklə, Qəzzənin müdafiəsiz xalqına qarşı döyüş meydanında özlərinin alçaldıcı və tarixi məğlubiyyətlərinin qisasını almaq istəyirlər.”
Prezident həmçinin, bu gün fələstinlilərin yeni nəslinin onilliklər boyu davam edən cinayət, qətl və dağıntılardan sonra öz pozulmuş hüquqlarını həmişəkindən daha ciddi tələb etməyə başladığını bəyan edərək deyib: “Sionistlər və onların havadarları bilməlidirlər ki, əgər zülm və təcavüz fələstinlilərin hüquq istəyini susdura və marginallaşdıra bilsəydi, bu, ötən 75 ildə baş verərdi.”
Doktor Rəisi Amerika və sionist rejimin digər havadarlarının bu rejimin cinayətlərinə görə bilavasitə məsuliyyət daşıdıqlarını qeyd edərək deyib: “Fələstindəki vəziyyət insan haqlarını müdafiə etmək iddiasında qərblilərin ziddiyyətli və ikili mövqelərinin əyani sübutudur. Əl-Əqsa Tufanı əməliyyatı göstərdi ki, Fələstin xalqının hüquqları nəzərə alınmadan bölgədə heç bir nizam-intizam əldə oluna bilməz və sionistlərin bu xalqa qarşı cinayətləri beynəlxalq forumlarda izlənilməlidir.”
Qətər Əmiri də bu telefon danışığında iki ölkə arasında əlaqələrin bu gün ən yüksək səviyyədə olduğunu bildirib və sionist rejimin məzlum Qəzzə əhalisinə qarşı cinayətlərinin dərhal dayandırılması və fələstinlilərin hüquqlarının reallaşdırılması sahəsində iki ölkə arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.
Şeyx Təmim bin Həməd Ali-Sani son illərdə dünyada və regionda geniş bir oyanış baş verdiyini və dünyanın azad xalqının Fələstin münaqişəsində fələstinlilərə haqqı verdiyini bəyan edərək deyib: “Qərb mediası regional hadisələrin görüntülərini yanlış və tərs şəkildə əks etdirməyə cəhd edir və biz dünyaya real və dəqiq təsvirlər göstərməyə çalışmalıyıq.”
O, Fələstin xalqının hüquqları gerçəkləşmədən bölgədə sabitliyin əldə edilməyəcəyini vurğulayaraq deyib: “Bu gün bütün dünya xalqı sionist rejimin faciəli davranışını açıq şəkildə görür və bu davranışların ən son nümunələrindən biri də Fələstin xalqının bir hissəsini evlərindən və yurdlarından köçürmək və onları didərgin salmaq cəhdidir.”