Tehran - İRNA - BMT Uşaq Fondu (UNICEF) Qəzzada uşaqların təhlükəli vəziyyəti ilə bağlı sərt xəbərdarlıq edib və şəhid uşaqların sayının 2360-dan çox olduğunu açıqlayıb.

İRNA-nın “Əl-Nəşrə”yə istinadən verdiyi məlumata görə, UNICEF bəyanat yayaraq dərhal atəşkəsə, humanitar yardımın davamlı və maneəsiz şəkildə Qəzzaya çatdırılmasına çağırıb.

UNİCEF-in bəyanatında qeyd olunur ki, müharibə başlayan gündən davamlı hücumlar nəticəsində 2360-dan çox uşaq şəhid olub, 5364 uşaq yaralanıb. Bu o deməkdir ki, hər gün orta hesabla 400-dən çox uşaq şəhid olur və ya yaralanır.

Bəyanatda vurğulanır: “Qəzzada uşaqlar su, qida və dərman çatışmazlığı ilə üzləşib, ağrılı hadisələrə, geniş hücumlara, köçkünlüyə, şok edici və dərin ağrılı hadisələrə məruz qalırlar.”