İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 6 dekabr çərşənbə günü “Şərqi Azərbaycanın 10.000 Şəhidini Anma Konqresi”nin Mərkəzi Qərargahının üzvləri ilə keçirilən görüşündəki çıxışının mətni bu gün Təbrizdə konfransın keçirildiyi yerdə yayılıb.
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu görüşdə Şərqi Azərbaycanı canından keçənlərin və şəhidlərin beşiyi adlandıraraq deyib: “Şəhidlərin qanının qaynaması səngiməməlidir, çünki şəhidlər İran xalqının kimliyidir və xalq onun kimliyini unutmamalıdır.”
O, şəhidlərin xatirəsini ehtiramla yad etməyin sırf xatirə anmaq üçün olmadığını vurğulayaraq deyib: “Şəhidlərin anım mərasiminin keçirilməsi, qısa fasilələrlə təkrarlanması gərəkli və vacib işdir. Amma bu görüşlər şəhidlərin əhval-ruhiyyəsinin, iman, təqva, şəhadət, fədakarlıq, şücaət kimi görkəmli keyfiyyətlərinin gənc nəslə ötürülməsi üçün əsas olmalıdır.”
İslam İnqilabının Rəhbəri şəhidləri gənclər üçün ən yaxşı nümunə adlandırıb, belə parlaq və bənzərsiz hadisələrin İran xalqının tarixi yaddaşında qeyd olunmasının vacibliyini vurğulayaraq deyib: “Şəhidlərin əhval-ruhiyyəsi və parlaq incisi gənc nəslə film, şeir, kitab kimi bədii əsərlərdə ötürülməlidir.”
Həzrət Ayətullah Xamenei şəhid ailələrinin unudulmamasının, onların, eləcə də şəhidlərin dostlarının xatirələrinin yazılmasının zəruriliyini qeyd edərək deyib: “Şəhidlərin əhval-ruhiyyəsinin və xüsusiyyətlərinin yeni nəslə ötürülməsində onların hərəkətinin konteksti aydın olmalıdır. Gənc nəsil bilməlidir ki, İslam İnqilabı zamanı və İnqilabın qələbəsindən əvvəl baş verən hərəkat və qiyamların, həmçinin inqilabın qələbəsindən sonra şəhidlərin şücaət və fədakarlıqlarının səbəbi və onun konteksti nə olmuşdur. Belə olsa, o hərəkət və ruh davam edəcək.”
O, əlavə edib: “Təbii ki, İnqilab tarixində baş verən mühüm hadisələrin səbəb və kontekstlərinin, şəhidlərin əhval-ruhiyyəsinin çatdırılması, görkəmli şəxsiyyətlərin təqdimatı sahəsində müəyyən nöqsanlarımız olub. Bu səbəbdən bir çox gənclər onlardan xəbərsizdirlər. Ona görə də radio və televiziya kimi rəsmi təbliğat agentliklərinin bu sahədə daha çox səy göstərməsi zəruridir. Bu gün insanların istifadəsində olan qeyri-rəsmi mediaların imkanlarından da daha yaxşı istifadə edilməlidir.”
İslam İnqilabının Ali Rəhbəri Azərbaycanı İranın imtiyazlı kimliyi adlandırıb, İmam Xomeyni (r) hərəkatı dövründən indiyə qədər bu bölgənin şəhidləri mövzusuna toxunaraq deyib: “Azərbaycanın zirvə dəyərini və yüksək xarakterini Müqəddəs Müdafiədə və Mehdi Bakiri, Həmid Bakiri, Əli Təcəllayi, Mürtəza Yağçiyan kimi görkəmli şəhidlərdə görmək lazımdır. Bundan əlavə, ölkənin beş mehrab şəhidindən ikisi Şərqi Azərbaycana məxsusdur.”