İslamabad - İRNA - Pakistanın İran İslam Respublikasındakı səfiri terrorçu ünsürlərin Sistan və Bəlucistan əyalətində Rask polis qərargahına hücumunu kəskin şəkildə pisləyib, 11 polis əməkdaşının şəhid olması ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Məhəmməd Muddəssir Teypu X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi istifadəçi hesabında yazıb: “Raskda polis qərargahına edilən və 11 İran qüvvəsinin şəhid olması ilə nəticələnən terror aktını şiddətlə pisləyirik.”

“Pakistan İran İslam Respublikası hökuməti və xalqı ilə tam həmrəy olduğunu bəyan edir”- deyə, səfir bildirib.

Cümə günü, dekabrın 15-də səhər saatlarında “Ceyş əl-Zulm” terror qruplaşmasının Sistan və Bəlucistan əyalətindəki Rask polis qərargahına hücumu nəticəsində 11 polis şəhid olub. Bu hadisədə bir neçə terrorçu məhv edilib və bir terrorçu həbs edilib.

Ceyş əl-Zulm terror qruplaşması bəyanat yayaraq, Raskdakı polis qərargahına edilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.