İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi çərşənbə günü axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon zənginə cavabında həzrət İsa Məsihin (ə) mövlud ildönümünün gəlişi və yeni ilin başlanması münasibətilə təbriklərini çatdıraraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsi və razılaşmaların həyata keçirilməsi prosesindən məmnunluğunu ifadə edib.
Prezident Ermənistan hökumətinin iki ölkə və region ölkələri arasında avtomobil və dəmir yolu marşrutlarını inkişaf etdirmək planına münasibət bildirərək deyib: “İran İslam Respublikası bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə riayət etməklə, regionda kommunikasiya marşrutları və infrastrukturların açılması üçün hər cür addım və platformanı dəstəkləyir, onu sülhün möhkəmləndirilməsi və qonşuların maraqlarının təmin edilməsi istiqamətində atılan təsirli addım kimi qiymətləndirir.”
Doktor Rəisi Qafqazı sülh və əmin-amanlığa ehtiyacı olan mühüm region adlandıraraq deyib: “İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti sabitdir. Qafqaz bölgəsinin regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsinə və onun məsələlərinin əcnəbilərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllinə diqqət yetirilməlidir.”
Prezident Tehranda 3+3 formatında görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələrinin bir-biri ilə münasibətlərinin normallaşdırılması istiqamətində konstruktiv addım kimi qiymətləndirərək deyib: “Qarşılıqlı maraqların və region ölkələrinin mənafeyinin təmin edilməsi məqsədilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İran İslam Respublikasının əsas siyasətidir.”
Bu telefon danışığında Ermənistanın Baş naziri Nikol Paşinyan da iki ölkə arasında iqtisadi əməkdaşlığın son vəziyyətini və regionda baş verən son hadisələri, habelə iki ölkə rəsmilərinin razılaşmalarının həyata keçirilməsi və birgə əməkdaşlığın irəliləyişinə uyğun hərəkətlərini diqqətə çəkərək, İran və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında əlaqələrin davam etməsini və artırılmasını iki ölkənin ikitərəfli münasibətləri hərtərəfli genişləndirmək iradəsinin sübutu kimi xarakterizə edib.
Publish Date: 20 dekabr 2023 - 23:28
Tehran - İRNA - Prezident deyib: “İran İslam Respublikası bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə riayət etməklə Qafqaz regionu ilə kommunikasiya yolları və infrastrukturların açılması üçün hər cür addım və platformanı dəstəkləyir və onu sülhün möhkəmləndirilməsi və qonşuların maraqlarının təmin edilməsi istiqamətində atılan təsirli addım kimi qiymətləndirir.”