İRNA müxbirinin verdiyi məlumata görə, İranın BMT-dəki səfiri Əmir Səid İrəvani 26 dekabrda BMT Baş katibi, eyni zamanda TŞ-nin sədri Antonio Quterreşə məktub ünvanlayıb və bu məktubun “İsrail rejiminin Suriya Ərəb Respublikasında təkrarlanan terror aktları barədə təcili məlumat üçün” olduğunu xatırladaraq bildirib: “İsrail rejimi qəddar cinayətlər və ədalətsiz beynəlxalq hərəkətlərlə yanaşı, Suriya sərhədlərində terror və təcavüzkar hərəkətlərdə fəal iştirak edir. Bu məqsədyönlü hərəkətlər Suriya Ərəb Respublikasının rəsmi xahişi ilə terrorizmlə mübarizəyə kömək etmək üçün ölkədə qanuni mövcud olan İran hərbi məsləhətçilərini hədəf alıb.”
İranın BMT-dəki yüksək səviyyəli diplomatı əlavə edib: “25 dekabr 2023-cü il bazar ertəsi saat 16:20-də Dəməşq yaxınlığında terrorla mübarizə əməliyyatlarında Suriya Ordusuna dəstək missiyasında fəaliyyət göstərən baş hərbi məsləhətçi Seyid Rəzi Musəvi İsrail rejiminin işğal altındakı Colan təpələrində mövqelərindən atılan üç raket nəticəsində faciəvi şəkildə həlak olub.”
İrəvani qeyd edib ki, bu hadisə 2023-cü ildə Suriyada İran hərbi məsləhətçilərinə qarşı törədilən ikinci terror aktıdır və bundan öncəki terror hücumunda Məhəmmədəli Ətayi Şurçə və Pənah Təqizadə adlı iki hərbi məsləhətçi şəhid olmuşdu.
İranın BMT-dəki səfiri vurğulayıb: “İran İslam Respublikası İsrail rejiminin bu mənfur və qorxaq terror aktlarını açıq şəkildə pisləyir. İran beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan qanuni və təbii hüququnu lazım bildiyi vaxtda qətiyyətli cavab vermək üçün özündə saxlayır. İran həmçinin Suriya Ərəb Respublikasının beynəlxalq hüquqa əsaslanaraq, terror hücumlarına və İsrail rejiminin suverenlik, müstəqillik və ərazi bütövlüyünə qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq bütün lazımi tədbirləri görmək hüququnu vurğulayır.”
İrəvani məktubunun digər hissəsində bildirib: “İran İslam Respublikası BMT Təhlükəsizli Şurasını beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında öz nizamnamə öhdəliklərini yerinə yetirməyə və İsrail rejiminin bəd niyyətli fəaliyyətini və onun regionda dünya sülhü və təhlükəsizliyinə ciddi təhdid olan təcavüzkar və terror hərəkətlərini qətiyyətlə pisləməyə çağırır. Bu rejim beynəlxalq qanunlara tabe olmağa, regionda sabitliyi pozan fəaliyyətinə son qoymağa məcbur edilməlidir.”