İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi çərşənbə günü axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon zənginə cavabında, onun bu gün (çərşənbə günü) günortadan sonra şəhid Qasim Süleymaninin anım mərasimində baş verən terror aktına görə İran xalqı ilə həmdərdlik ifadə etməsini yüksək qiymətləndirərək deyib: “Bu terror hadisəsi bölgədə terrora və zorakılığa qarşı mübarizə qəhrəmanı kimi tanınan şəhidin ildönümü günü və onun məqbərəsi yaxınlığında baş verdi.”
Prezident vurğulayıb: “İran xalqının düşmənləri terror vasitəsi ilə öz qeyri-qanuni məqsədlərinə nail ola biləcəklərini düşünürlər, lakin İran xalqı sübut etmişdir ki, bu cinayətlər onun birliyini, təhlükəsizliyini və strategiyasını poza bilməz.”
Doktor Rəisi bildirib: “Gələcək Fələstin xalqına məxsusdur və sionistlərin cinayətləri heç nəyi dəyişməyəcək. Ümid edirəm ki, İranın digər ölkələrlə əməkdaşlığı, koordinasiyası və məsləhətləşməsi ilə sionist rejimin müharibə maşını ən qısa zamanda dayandırılacaq və Qəzza xalqı hazırkı fəlakətli vəziyyətdən xilas olacaq.”
Bu telefon danışığında Türkiyə Prezidenti İran Prezidentinə, hökumətinə və xalqına yazılı başsağlığı məktubu göndərdiyini də qeyd edərək deyib: “Bu iyrənc terror aktına görə şəxsən öz həmdərdliyimi və başsağlığımı sizə bildirməyi zəruri hesab etdim.”
Rəcəb Tayyib Ərdoğan general Qasim Süleymaninin şəhadətinin ildönümündə əzadarlara qarşı törədilən terror aktını pisləyərək deyib: “Bu hücum terrorizmin bütün növlərinə qarşı qətiyyətlə mübarizə aparmağın zəruriliyini bir daha əyani şəkildə nümayiş etdirdi və Türkiyə terrorun bütün formalarına qarşı mübarizədə İran İslam Respublikasının yanındadır.”
Türkiyə Prezidenti əlavə edib: “İran xalqının dərdi və narahatlığı Türkiyə xalqının dərdi və narahatlığıdır. Sizə və qardaş və dost İran xalqına ürəkdən başsağlığı verirəm, hadisədə şəhid olanlara Uca Allahdan rəhmət, yaralananlara isə sağlamlıq diləyirəm.”