Tehran - İRNA - HƏMAS liderlərindən olan Usamə Həmdan cümə günü axşam saatlarında Əl-Cəzirə telekanalına müsahibəsində Qəzzanın mühasirəsini qırmaq üçün Ərəb və İslam ölkələrinin təcili hərəkətə keçməsini istəyib.

Usamə Həmdan Qəzza müharibəsinin bütün iştirakçıları və himayəçilərinin sionist rejimin cinayətlərinə görə məsuliyyət daşıdığını vurğulayaraq deyib: “Co Bayden və onun hökuməti sionist rejimin işğalçı kabineti ilə birlikdə Qəzzada baş verən cinayətlərə görə məsuliyyət daşıyır.”

“ABŞ-ın üçüncü dəfə veto hüququndan istifadə etməsi bu ölkə hökumətinin Qəzzada törədilən soyqırımda iştirakından xəbər verir” - deyə, o, qeyd edib.

HƏMAS-ın yüksək vəzifəli üzvü əlavə edib ki, Amerika təyyarələri Qəzza zolağının səmasında sutkanın 24 saatı uçur və birbaşa işğalçı rejim ordusuna məlumat verir.

Onun sözlərinə görə, Amerikanın dəstəyi olmasaydı, Qəzzaya qarşı aclıq və qətliamlar davam etməzdi.

Qəzza zolağının şimalında 700 mindən çox fələstinliyə qarşı aclıq və qıtlıq müharibəsinin davam etdiyini bildirən Həmdan deyib: “Bu müharibə Benyamin Netanyahu və onun müharibə nazirinin açıq əmri ilə başladı.”

O, bildirib: “Ümumdünya Ərzaq Proqramının Qəzzanın şimalına yardımı dayandırmaq qərarı bizi şoka saldı və təəccübləndirdi.”

HƏMAS səlahiyyətlisi deyib: “Rəsmi arenadakı qardaşlarımızı, həmçinin İsrailin ticarət yüklərinin keçdiyi ölkələrdəki insanları onların qarşısını almağa çağırırıq.”