İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla cümə axşamı Təhlükəsizlik Şurasının müvəqqəti sədri Kazuyuki Yamazaki və BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq İsrail rejiminin xarici işlər nazirinin iddia və ittihamlarını tamamilə əsassız adlandırıb və rədd edib.
İran İslam Respublikasının BMT-dəki ən yüksək vəzifəli diplomatı Təhlükəsizlik Şurasının sədrinə məktubunda bildirib: Bu məktub İsrail rejiminin xarici işlər nazirinin Təhlükəsizlik Şurasının sədrinə məktubuna cavab olaraq hazırlanıb. İsrail rejiminin xarici işlər naziri məktubunda yalan məlumatlar yayaraq, İran İslam Respublikasına qarşı əsassız iddialar irəli sürüb. Sözügedən məktubda irəli sürülən ittihamlar tamamilə əsassızdır və qəti şəkildə rədd edilir.
İranın BMT-dəki səfiri deyib: Bu məktub İsrail rejiminin beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında aparteid rejiminin Fələstin xalqına qarşı törətdiyi dəhşətli cinayətlərdən və sonsuz soyqırımından yayındırmaq üçün növbəti ümidsiz cəhdini göstərir.