Ayətullah Seyid İbrahim Rəisi ölkəmizin Silahlı Qüvvələrinin sionist rejimin İran İslam Respublikasının məqsəd və mənafelərinə qarşı təcavüzkar hərəkətlərinə, xüsusilə bu il aprelin 1-də ölkəmizin Dəməşqdəki səfirliyinə qarşı hərbi hücumuna cavab olaraq hazırlanaraq həyata keçirdiyi tarixi, qüdrətli və qalibiyyətli əməliyyatının ardınca deyib: “Dünən gecə İran xalqının İslam İnqilabı Keşikçiləri Korpusundakı qeyrətli və şücaətli övladları ölkənin bütün müdafiə və siyasi sahələrinin həmkarlığı və koordinasiyası ilə İranın iqtidar tarixində yeni səhifə açdılar və sionist düşmənə ibrətamiz dərs verdilər.”
Ayətullah Rəisi əlavə edib: “Silahlı Qüvvələrin igidləri bölgədə baş verən prosesləri və hər bir hərəkəti izləyir və nəzarətdə saxlayır. Əgər sionist rejim və ya onun tərəfdarları azğın hərəkətə yol versələr, qəti və daha şiddətli cavab alacaqlar.”
Dövlət başçısı İranın İslam Respublikasının bütövlüyü, suverenliyi və milli maraqlarının müdafiəsi istiqamətində hərəkəti təcavüzkarın cəzalandırılması və regionda sabitliyin bərqərar edilməsi üçün atılmış addım olduğuna toxunaraq yazıb: “İran İslam Respublikası ətraf regionun sülh və sabitliyini öz milli təhlükəsizliyinin tələbi hesab edir, sülhün və sabitliyin bərpası və qorunub saxlanılması üçün heç bir səyini əsirgəməmişdir və əsirgəmir.”
Ayətullah Rəisi işğalçı və terrorçu sionist rejimin mövcudluğunu regionun təhlükəsizliyi əleyhinə davamlı təhdid hesab edərək bildirib: “İran İslam Respublikasının qüdrəti təhlükəsizlik qüdrətidir və region ölkələrinin və xalqlarının mənafeyinin müdafiəsinə xidmət edir.”
Prezident sionist rejim tərəfdarlarına İranın məsuliyyətli hərəkətini təqdir etməyi və terrorçu İsrail rejimini kor-koranə dəstəkləməyi dayandırmağı tövsiyə edib.