Həzrət Ayətullah Xamenei seçkilər sahəsində bütün namizədlərə və fəallara təşəkkürünü bildirərək, seçilmiş Prezidentin şəhid Rəisinin yolunun davam etdirilməsində ölkənin geniş imkanlarından xalqın rahatlığı və ölkənin tərəqqisi istiqamətində istifadə etməsini vurğulayıb.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Salam və salavat olsun ağamız Məhəmmədə və onun pak ailəsinə, xüsusən də Bəqiyyətullaha ki, mənim ruhum ona fəda olsun.

Əziz və mərhəmətli Allaha şükürlər olsun ki, böyük İran xalqı Onun iradəsi və tövfiqi ilə şəhid Prezidentini itirmək kimi böyük faciədən sonra qısa bir qanuni müddətdə prezident seçkiləri səhnəsini təşkil edə bildi, ardıcıl iki cümə günü azad və şəffaf seçkilər keçirdi, səs çoxluğu ilə bir neçə namizəd arasından ölkə Prezidentini seçdi.

Seçkilərin hörmətli səlahiyyətliləri öz vəzifələrini lazımi sürətlə və əmanətdarlığa tam şəkildə əməl etməklə yerinə yetirdilər. Əziz xalq məsuliyyət hissi ilə irəli gəldi, hərarətli və coşqun səhnə yaratdı, seçki qutularını iki mərhələdə 55 milyondan çox səslə doldurdu.

İran xalqının düşmənlərinin xalqı ümidsizliyə və çıxılmaz vəziyyətə salmaq üçün başlatdıqları seçkiləri boykot etmək kimi süni hay-küylə mübarizədə bu böyük hərəkat parlaq və unudulmaz bir işdir. Bütün hörmətli namizədlər və onların hər birinin qələbəsi üçün həftələrlə gecə-gündüz çalışanlar bu iftixar və savabda şərikdirlər.

İndi İran xalqı öz prezidentini seçmişdir. Xalqı və seçilmiş Prezidenti və bu həssas səhnənin bütün fəallarını, xüsusən də namizədlərin seçki qərargahının coşqun gənclərini təbrik edərək, ölkənin tərəqqisi və izzətinin günbəgün artması istiqamətində hər kəsə əməkdaşlıq etməyi, yaxşı düşünməyi tövsiyə edirəm. Yaxşı olar ki, seçkilər zamanı rəqabətli davranışlar dostluq normalarına çevrilsin, hər kəs ölkənin maddi-mənəvi tərəqqisi üçün bacardığı qədər təlaş etsin.

Seçilmiş Prezident cənab doktor Pezeşkiyana da tövsiyəm budur ki, Rəhman Allaha təvəkkül etməklə uca və işıqlı üfüqlərə baxsın, şəhid Rəisinin yolunun davamında xalqın rahatlığı və ölkənin tərəqqisi üçün ölkənin çoxsaylı imkanlarından, xüsusilə gənc, inqilabçı və mömin insan resurslarından maksimum istifadə etsin.

Bir daha şükür etmək üçün alnımı Həzrət Haqqın dərgahına qoyuram, həzrət Bəqiyyətullah-Əzəmə (ruhum ona fəda olsun) salam və salavat göndərirəm, uca məqamlı şəhidlərin və şəhidlərin böyük İmamının xatirəsinin uca tuturam, bu həssas anda rol ifa edən bütün hörmətli namizədlərə və seçki fəallarına, eləcə də milli mediaya, ölkənin təhlükəsizliyini qoruyanlara və seçkini həyata keçirən orqanlara təşəkkürümü bildirirəm.