Tehran - İRNA - Yeni seçilmiş Prezident JCPOA haqqında deyib: “Əvvəlcə JCPOA-dan çıxan, sonra da İran xalqına qarşı ən sərt sanksiyaları tətbiq edən məhz Amerika oldu. Bununa belə, İran İslam Respublikası İran xalqının hüquqlarının həyata keçirilməsi üçün bütün aspektləri nəzərə alaraq müzakirə etməyə hazır olub və hazırdır.”

Yeni seçilmiş Prezident Məsud Pezeşkiyan bu gün günortadan sonra Yaponiyanın Baş naziri ilə telefon danışığında Kişidaya təbrik məktubuna və telefon bağlantısına görə təşəkkür edib, onun səyləri ilə iki tərəf arasında münasibətlərin və əməkdaşlığın səviyyəsinin daha da yüksəldiləcəyinə ümidvar olduğunu bildirib, höccətül-islam vəl-müslimin Rəisi və onu müşayiət edən şəxslərin şəhadətindən sonra onun və digər yapon rəsmilərinin verdiyi başsağlığı və rəğbət mesajlarını yüksək qiymətləndirib.

Doktor Pezeşkiyan 95 illik diplomatik və dostluq münasibətlərinin, iki xalq arasında min ildən artıq bir tarixə malik qarşılıqlı əlaqələrin, həmçinin iki ölkə liderlərinin müsbət baxışının ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün uyğun platforma və dəstək olduğunu qeyd edərək deyib: “Asiya ölkələri, o cümlədən Yaponiya ilə əlaqələrin inkişaf etdirilməsi İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biridir. Ümid edirəm ki, biz birgə əməkdaşlıqla iqtisadi və kommersiya əlaqələrini genişləndirməklə iki ölkə arasındakı əlaqələri gücləndirməyə kömək edə bilərik.”

Yeni seçilmiş Prezident telefon danışığının davamında İran İslam Respublikasının hər zaman regionda və dünyada əmin-amanlıq, sülh və sabitliyin bərqərar olmasına və möhkəmlənməsinə çalışdığını vurğulayaraq əlavə edib: “Təəssüflər olsun ki, cinayət və soyqırımın bariz nümunəsi kimi sionist rejimin Qəzzəyə hücumları 280 gündən artıqdır ki, davam edir. Ümid edirik ki, Yaponiya Təhlükəsizlik Şurasının dövri üzvü, eləcə də 7-lik qrupunun üzvü olaraq Qəzzəyə hücumları dayandırmaq üçün bu rejimə və onun tərəfdarlarına təzyiq göstərmək üçün daha çox səy göstərəcək.”

Doktor Pezeşkiyan Yaponiya Baş nazirinin JCPOA haqqında söylədiyi sözlərə də toxunaraq deyib: “Əvvəlcə JCPOA-dan çıxan, sonra da İran xalqına qarşı ən sərt sanksiyaları tətbiq edən məhz Amerika oldu. Bununa belə, İran İslam Respublikası İran xalqının hüquqlarının həyata keçirilməsi üçün bütün aspektləri nəzərə alaraq müzakirə etməyə hazır olub və hazırdır.”

Yaponiyanın Baş naziri Fumio Kişida da bu telefon danışığında Pezeşkiyanın prezident seçilməsini təbrik edib və ona uğurlar arzulayaraq deyib: “İran və Yaponiya arasındakı münasibətlər iki xalq arasında qədim dostluğa əsaslanır. Sizin Prezidentliyiniz dövründə ölkələrimiz arasında əlaqələri gücləndirmək və dərinləşdirmək üçün bir-birinizlə konstruktiv əməkdaşlıq edə bilmək çox xoş olacaq.”

Qəzzədəki vəziyyətin bu gün dünya birliyinin ən mühüm ortaq çağırışı olduğunu bəyan edən Kişida deyib: “Yaponiya Qəzzədə atəşkəs əldə etmək, fələstinlilərə yardım göstərmək və bölgədə münaqişələrin yayılmasının qarşısını almaq üçün fəal diplomatiyasını ciddi şəkildə davam etdirəcək. Ümid edirəm ki, bu istiqamətdə İran İslam Respublikası ilə konstruktiv və səmərəli əməkdaşlıq edəcəyik.”

Yaponiyanın Baş naziri həmçinin nüvə sazişinin bərpa ediləcəyinə ümid etdiyini bildirərək deyib: “Beynəlxalq ictimaiyyət, o cümlədən Yaponiyanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyət üçün sizin gələcək hökumətinizdən böyük gözləntiləri vardır. Həmçinin, Yaponiya İran İslam Respublikası ilə qədim dostluğu və Amerika Birləşmiş Ştatları ilə sıx əlaqələri sayəsində JCPOA-nı canlandırmaq üçün iki tərəf arasında konstruktiv rol oynamağa hazırdır.”