Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri İraq xalqı və hökumətinin on milyonluq Ərbəin yürüşünün əlverişli və möhtəşəm keçirilməsi üçün səy və zəhmətlərini yüksək qiymətləndirərək, İran İslam Respublikası ilə İraq arasında işgüzar məsələlərin izlənilməsi və onların başa çatdırılmasını yeni dövrdə iki ölkə arasında münasibətlərin prioritet istiqamətlərindən biri hesab edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei 30 iyul çərşənbə axşamı günortadan sonra İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İraq Baş nazirinin Ərbəin yürüşünün möhtəşəm və təhlükəsiz keçirilməsi üçün görülən hazırlıqlar haqqında verdiyi məlumata işarə edərək deyib: “İraq xalqının kütləvi şəkildə yürüşə qatılan Ərbəin zəvvarlarını çox yaxşı şəkildə qarşılaması, həmçinin İraq hökuməti və rəsmilərinin bu möhtəşəm mərasimin təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlər çox vacib və heyrətləndirici işdir.”

İslam İnqilabının Ali Rəhbəri həmçinin şəhid Rəisinin dövründə İran və İraq arasında imzalanmış memorandum və sənədlərə də toxunub, bu işlərin izlənilməsi və yeni dövrdə icra edilməsinin vacibliyini vurğulayaraq deyib: “Hər iki tərəfdə razılaşmalarının icra sürəti artırılmalıdır.”

Həzrət Ayətullah Xamenei cənab Əl-Sudani hökumətinin İraqın probleminin həlli istiqamətində atdığı addımlardan məmnunluğunu ifadə edib, İraq siyasi cərəyanları arasında mövcud koordinasiya və əməkdaşlıqdan razı qaldığını bildirib və bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Birinci vitse-prezident Məhəmməd Rza Arifin də iştirak etdiyi bu görüşdə İraqın Baş naziri İranda prezident seçkilərinin uğurla keçirilməsi və doktor Məsud Pezeşkiyanın seçilməsi münasibətilə təbrikini çatdıraraq deyib: “İran və İraq arasında əldə edilmiş razılaşmaların yeni dövrdə həyata keçiriləcəyinə ümid edirik.”