Nyu York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı terror və təcavüzkar hücumu və HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətinin ardınca bildirib: “Bu hərəkətlərə görə məsuliyyəti bu terror rejimi və onun havadarları daşıyır. İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, qəti və dərhal cavab vermək üçün özünə aid olan qanuni müdafiə hüququndan istifadə etməkdə tərəddüd etməyəcək.”

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə günü Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibinə ünvanladığı məktubda yazıb: “Hazırkı məktub İsrail rejimi tərəfindən İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı son və təcavüzkar terror aktı ilə bağlı təcili və dərin narahatlıqla göndərilir. 2024-cü il iyulun 31-i səhər saatlarında İsrail rejimi Fələstinin tanınmış müqavimət qrupu olan HƏMAS-ın siyasi lideri cənab İsmayıl Həniyyənin iqamətgahına qarşı qorxaqcasına terror hücumu həyata keçirdi.”

İrəvani vurğulayıb: “Bu hücum cənab Həniyyə və onun mühafizəçisinin şəhadətinə səbəb oldu. Bu cinayət əməli Tehranda; cənab Həniyyə İranın yeni Prezidenti cənab doktor Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İran İslam Respublikası hökumətinin rəsmi qonağı kimi dəvət olunduğu yerdə baş verdi.”

İranın BMT-dəki səfiri təcili məktubunun davamında bildirib: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından tələb edirik ki, İsrail rejiminin regionda beynəlxalq sülh və təhlükəsizliyə real təhdid olan bu təcavüzkar hərəkətlərinə və dağıdıcı fəaliyyətlərinə cavab olaraq tez və qətiyyətlə hərəkətə keçsin. Təhlükəsizlik Şurasının etibarlılığı və mənəvi nüfuzu onun beynəlxalq hüququ, BMT Nizamnaməsinin məqsəd və prinsiplərini qorumaq qabiliyyətindən asılıdır.”

“Bu hərəkətlərə görə məsuliyyəti bu terror rejimi və onun havadarları daşıyır. İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, qəti və dərhal cavab vermək üçün özünə aid olan qanuni müdafiə hüququndan istifadə etməkdə tərəddüd etməyəcək”, İrəvani qeyd edib.