Tehran - İRNA - Xarici İşlər naziri vəzifəsinin icraçısı sionist rejimin son təcavüzkar hərəkətlərinin Suriya, Livan və İranın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu bəyan edərək deyib: “İran Qəzzəyə qarşı təcavüzü dayandırmaq üçün səylərini davam etdirərkən, eyni zamanda əks tədbirlər görmək üçün öz təbii və qanuni hüququnda israr edir.”

İtaliyanın Xarici İşlər naziri Antonio Tayani ölkəmizin Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon danışığında ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
Əli Baqiri bu danışıqda İran və İtaliya əlaqələrinin tarixinə toxunaraq, ikitərəfli əməkdaşlığın müxtəlif maraq doğuran sahələrdə gücləndirilməsi istiqamətində danışıqların davam etdirilməsini vacib qiymətləndirib.
O, sionist rejimin Qəzzədə törətdiyi cinayətlərin on aydır davam etməsinə və müharibənin miqyasının regionun digər ölkələrinə genişlənməsinə toxunub, bu rejimin Qəzzədə cinayət və soyqırımı dayandırma prosesini əngəlləmək və pozmaq yanaşmasına şübhə ilə yanaşdığını bildirərək əlavə edib: “İsrail rejiminin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə hücumu, Beyrutda yaşayış məntəqəsinə namərd hücumu, İran İslam Respublikasının rəsmi qonağına qarşı terror aktı sionistlərin müharibənin miqyasını regionun digər ölkələrinə də genişləndirmək cəhdlərinin bariz nümunələridir.”
Baqiri qeyd edib ki, sionist rejimin son təcavüzkar hərəkətləri Suriya, Livan və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır. İran İslam Respublikası Qəzzəyə qarşı təcavüzü dayandırmaq üçün səylərini davam etdirərkən, eyni zamanda əks tədbirlər görmək üçün öz təbii və qanuni haqqı olduğunu vurğulayır.
İtaliyanın Xarici İşlər naziri Antonio Tayani də ikitərəfli münasibətlərin gücləndirilməsinin və müxtəlif sahələrdə, xüsusən də regiondakı məsələlər və hadisələrlə bağlı dialoqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib, Qəzzədə atəşkəsin tezliklə həyata keçirilməsi üçün Misir, Qətər və ABŞ-ın razılaşdığı yeni təşəbbüsün irəli sürülməsinin zəruriliyini vurğulayıb.