Tehran - İRNA - Vaşinqton Post qəzetinin analitiki ABŞ-ın İrana qarşı hazırkı yanaşmasını tənqid edərək, bu ölkə və onun müttəfiqlərindən Yaxın Şərq regionunda müharibənin alovlanmasının qarşısını almaq üçün Tehrana qarşı strategiya hazırlamağı tələb edib.

CNN televiziya kanalının prodüseri və Vaşinqton Postun köşə yazarı Fərid Zəkəriyyə demokratlara yaxın bu nəşrdə yazır: İran belə qənaətə gəlib ki, Vaşinqton və onun regiondakı müttəfiqlərinə qarşı aqressiv siyasət yürütməyin faydası zərərindən daha çoxdur. Bu yeni reallıq hər şeydən çox bir amillə bağlıdır: Vaşinqtonun Tehrana qarşı hər hansı tutarlı siyasətinin iflası.

Bu məqalənin davamında deyilir: Donald Trampın dövründən və ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından bəri Vaşinqtonun İrana qarşı siyasəti “maksimum təzyiq” olub. İrana qarşı sanksiyaların sayı Barak Obama dövründəki 370 işdən Tramp administrasiyasında 1500-dən çox işə yüksələrək, bu ölkəni dünyada sanksiya tətbiq olunan ölkələr arasında birinci yerə qoyub. Nüvə sazişini imzalayan digər ölkələrin etirazına baxmayaraq, ABŞ onların Tehranla daha çox iş görməsinin qarşısını almaq üçün ikinci dərəcəli sanksiyalardan istifadə etdi.  Bayden administrasiyası da bəzi dəyişikliklər və yumuşaltmalarla Trampın siyasətini böyük ölçüdə davam etdirib.

Tramp və Baydenin maksimum təzyiq siyasətinin nəticəsi nə oldu?  BHFP məhdudiyyətlərindən asılı olmayaraq, İran nüvə proqramını geniş şəkildə inkişaf etdirdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, ölkənin zənginləşdirilmiş uranı hazırda nüvə sazişindən öncəki dövrdən 30 dəfə çoxdur.