Fransanın Xarici İşlər naziri Stefan Sejurne Seyid Abbas Əraqçini Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ölkəsinin ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər sahəsində İran İslam Respublikası ilə diplomatik məsləhətləşmələri davam etdirməyə hazır olduğunu açıqlayıb.
Fransa Xarici İşlər naziri Qəzzə müharibəsində atəşkəsə nail olmaq üçün davam edən diplomatik səylərə toxunub, gərginliyi azaltmaq və sülhə nail olmaq üçün bütün tərəflərlə dialoqun zəruriliyini vurğulayaraq, bu məqsədlə ikitərəfli məsləhətləşmələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Əraqçi də Qərbi Asiya regionundakı məsələlərin mürəkkəbliyinə, sionist rejimin gərginliyi gücləndirmək, bütün regionda qeyri-sabitlik dairəsini genişləndirmək siyasət və hərəkətlərinə toxunaraq, Fransa və digər qərb tərəflərini müharibənin yayılmasının və gərginliyi artmasının qarşısını almaq üçün bu vəziyyətin yeganə günahkarı, yəni sionist rejim üzərində fokuslanmağa çağırıb.
Həmçinin İngiltərənin Xarici İşlər naziri Devid Lammi Seyid Abbas Əraqçi ilə telefon danışığında onu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, 14-cü hökumətin işə başlamasını iki ölkə arasında diplomatik məsləhətləşmələrin artırılması üçün yeni fürsət hesab edib.
Qəzzədə baş verən hadisələrə toxunan Lammi İranı bölgədəki gərginliyin azaldılmasında rol oynamağa çağırıb.
Seyid Abbas Əraqçi də ingiltərəli həmkarına telefon əlaqəsinə görə minnətdarlığını bildirib və ötən illərdə ikitərəfli əməkdaşlığın eniş-yoxuşlu olduğunu diqqətə çatdıraraq deyib: “İran İslam Respublikası müharibəni genişləndirmək və regionda gərginliyi artırmaq istəmir, amma sionist rejimin Tehranda törətdiyi cinayət və terror aktına cavab verməkdə qəti hüququndan dönməyəcək.”