Nyu York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi ABŞ-ın qeyri-insani birtərəfli sanksiyalardan Suriya xalqının kollektiv cəzalandırılması üçün bir vasitə kimi istifadə etməyə davam etdiyini bildirərək, bu zərərli hərəkətlərin dərhal aradan qaldırılmasına və sanksiyaların ləğvinə çağırıb.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə günü Təhlükəsizlik Şurasının Yaxın Şərq və Suriyadakı vəziyyətlə bağlı iclasında deyib: “Suriyada humanitar vəziyyət hələ də ağırdır. Suriya xalqı hələ də ciddi iqtisadi problemlərdən əziyyət çəkir. Humanitar yardımın siyasiləşdirilməsi və Suriyanın yenidən qurulmasına beynəlxalq dəstəyin əngəllənməsi –hansı ki, əsasən Amerika Birləşmiş Ştatları və onun Qərb müttəfiqləri tərəfindən həyata keçirilir–münaqişələrin davam etməsinə və Suriya xalqının əzablarının ağırlaşmasına səbəb olub.”

“Bundan əlavə, ABŞ Suriya xalqına qarşı qeyri-insani birtərəfli sanksiyalardan kollektiv cəza vasitəsi kimi istifadə etməkdə davam edir” - deyə, İranın BMT-dəki səfiri qeyd edib.

İran İslam Respublikasının BMT-də yüksək səviyyəli diplomatı vurğulayıb: “İran İslam Respublikası bir daha bu zərərli tədbirlərin dərhal aradan qaldırılmasını tələb edir. Bu sanksiyalar həm hüquqi öhdəlik, həm də mənəvi imperativ kimi ləğv edilməlidir. Eyni şəkildə, Suriyanın bütün bölgələrinə qərəzsiz və siyasi olmayan humanitar yardımın göstərilməsi insanların həyatını xilas etmək üçün həyati əhəmiyyət kəsb edir.”