Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində yazdığı qeyddə Qərbi Asiyada gərginlik və sionist rejimin cinayətləri məsələsinə toxunub.
Bu mesajın bir hissəsində ABŞ və Avropa ölkələrinin sionist rejimə silah yardımına toxunularaq bildirilir: “Yeni dərc olunmuş statistikaya əsasən, sionist rejim Qəzzə zolağında yaşayan hər bir fələstinlinin üzərinə orta hesabla 36 kiloqram bomba və raket atıb. Bu, qəddarlıq və vəhşilik üzrə dünya rekordu hesab olunur və bəşər tarixinin ən qəddar rejimlərinin cinayətləri ilə müqayisədə görünməmiş bir hadisədir.
ABŞ hökuməti kimi özlərini qlobal səviyyədə insan hüquqlarının müdafiəsinin bayraqdarı, beynəlxalq konvensiya və müqavilələrin icrasının tərəfdarı kimi təqdim edən bəzi digər Avropa və Qərb ölkələri hər cür bomba və öldürücü silahlar göndərməklə, son on bir ayda sionist rejimin soyqırımı və hərbi cinayətlərinin gücləndirilməsinə kömək ediblər.
Şübhə yoxdur ki, Amerika və bəzi Qərb ölkələrinin silah göndərməkdə və sionist rejimin soyqırım maşınını və müharibə cinayətlərini gücləndirməkdə davam etmələri, 1948-ci il Soyqırımı Konvensiyasına uyğun olaraq soyqırımın qarşısının alınması və günahkarlarının cəzalandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin açıq-aşkar öhdəliklərinə ziddir. Halbuki, bu konvensiyaya görə, ölkələrin soyqırımın qarşısının alınması, günahkarların cəzalandırılması və nəticədə silahlarının soyqırımı törətmək üçün istifadə edilməməsinə dair dəqiq öhdəlikləri var.”
Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra yazıb: “İran silahlarının bəzi ölkələrə ötürülməsi ilə bağlı yalan və azdırıcı xəbərlərin yayılması, sadəcə olaraq, ABŞ və bəzi Qərb ölkələrinin Qəzzə zolağında törədilən soyqırıma böyük qanunsuz silah dəstəyinin ölçülərini gizlətmək məqsədi daşıyan çirkin təbliğat və yalandır. Bu cür yalanların yayılması beynəlxalq ictimaiyyətin diqqətini sionist rejimin hərbi cinayəti və kütləvi qırğın maşınını dayandırmağa çalışmaq və bu rejimin tərəfdarlarını məsuliyyətə cəlb etmək məsuliyyətindən yayındırmamalıdır.”