Tehran - İRNA - Xarici İşlər Nazirliyi SEPAH-ın müdafiə əməliyyatının ardınca bəyanat yayıb.

Bəyanatın mətni aşağıdakı kimidir:

İran İslam Respublikasının Silahlı Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan qanuni müdafiə hüququnun həyata keçirilməsinə uyğun olaraq, sionist rejimin təcavüzkar hərəkətlərinə, o cümlədən İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı hücuma, İran İslam Respublikası hökumətinin rəsmi qonağı olan HƏMAS-ın Siyasi Ofisinin rəhbərinin Tehranda şəhid edilməsinə, həmçinin Beyrutda Livan Hizbullahının Baş katibi və ölkəmizin ali hərbi müşaviri general-mayor Nilfuruşanın Beyrutda şəhid edilməsinə cavab olaraq, 2024-cü il oktyabrın 1-i çərşənbə axşamı, axşam saatlarında sionist rejimin hədəflərinə, hərbi və təhlükəsizlik obyektlərinə qarşı silsilə raket hücumları həyata keçirdi.

İran İslam Respublikasının uzun müddət təmkin göstərməsindən sonra qanuni müdafiə hüququna uyğun əməl etməsi işğalçı sionist aparteid rejiminin Fələstin xalqına qarşı qeyri-qanuni və soyqırım hərəkətləri, bu rejimin Livan və Suriyaya qarşı dəfələrlə hərbi təcavüzü davam etdiyi bir vaxtda İranın regional və beynəlxalq sülh və təhlükəsizlik ilə bağlı məsuliyyətli yanaşmasını göstərir. 

Həmişə günahsız mülki əhalini və mülki infrastrukturları təcavüz və qətllər üçün qanuni hədəf hesab edən sionist rejimdən fərqli olaraq, İran İslam Respublikası İslamın ali əxlaqi prinsipləri və təlimlərinə əsaslanaraq və beynəlxalq humanitar hüquqa əməl etməklə fərqlilik prinsipinə tam uyğun olaraq yalnız bu rejimin hərbi və təhlükəsizlik obyektlərini müdafiə xarakterli raket hücumu ilə hədəfə alıb.

İran İslam Respublikası işğalçı rejimin havadarları, maliyyə və silah təminatçılarının sionist rejim rəhbərlərinin sərsəm hərəkətlərinin dayandırılması üçün məsuliyyət daşıdığını vurğulamaqla və hər hansı üçüncü tərəfin müdaxiləsinə qarşı xəbərdarlıq etməklə, İsrail rejimi tərəfindən regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərin davam etməsinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının dərhal və mənalı addım atmasını tələb edir.

İran İslam Respublikası, lazım gələrsə, qanuni mənafelərini qorumaq üçün daha çox müdafiə tədbirləri görməyə, İranın ərazi və suverenliyini istənilən hərbi təcavüzə və qeyri-qanuni güc tətbiqinə qarşı müdafiə etməyə tam hazirdir və bu sahədə heç bir tərəddüd etməyəcək.