Tehran - İRNA - İslami Şura Məclisinin sədri İranın Livan hökuməti, xalqı və müqaviməti arasında istənilən razılaşmanı dəstəkləyəcəyini bəyan edərək deyib: “Günahsız insanların üzərinə minlərlə ton bomba və sursat atılacağını və hər şeyin sakit olacağını gözləmək olmaz.”

Məhəmməd Baqir Qalibaf 13 oktyabr bazar günü Cenevrədə 149-cu Beynəlxalq Parlamentlərarası Birlik çərçivəsində keçirilən Asiya Ölkələri Parlamentlərarası Assosiasiyasının növbədənkənar iclasında deyib: “Mən Beyrutdan birbaşa bura gəlmişəm. Tehranda bu iclasda iştirak etmək planlaşdırılanda qərara gəldim ki, Livana bir günlük səfər edim və bölgəmizdə baş verən acı məsələlərdən daha dəqiq danışmaq üçün oradan sizin aranıza gəlim.”

Parlamentin sədri əlavə edib: “Beyrutda cinayətkar, heç bir qırmızı xəttə sadiq qalmayan, dinc və günahsız insanlara qarşı ən qeyri-insani rəftarlar edən düşmən qarşısında möhkəm və müqavimətli dayanmış bir xalq gördüm. Ən dəyərli adamlarının və övladlarının hər gün şəhid olmasına baxmayaraq, onlar bu qətliam maşınını birdəfəlik dayandırmağa qərarlıdırlar.”

Qalibaf deyib: “İsrail rejimi beynəlxalq qanun və qaydalara məhəl qoymayıb və indiyədək Qəzzədə 10 mindən çox uşağı qətlə yetirib. Bu rejim qəsdən məktəblərə, xəstəxanalara və mülki əhalinin olduğu binalara hücum edir, terroru özünün təhlükəsizlik davranışı modelinə çevirmişdir. Bəşər sivilizasiyasının bütün mənəvi və hüquqi nailiyyətləri indi gözümüzün qabağında təhlükə altındadır, israillilər açıq şəkildə bəyan edirlər ki, onlar regionun digər ölkələrinə öz davranış modellərini genişləndirmək niyyətindədirlər.”