Amman - İRNA - Xarici İşlər naziri deyib: “Qərbin İrana qarşı yeni sanksiyaları düşmənçilik hərəkəti hesab olunur və mövcud vəziyyətə kömək etməyəcək.”

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi bu gün çərşənbə, oktyabrın 16-da səhər saatlarında İordaniyada jurnalistlərə açıqlamasında deyib: “Region həssas bir vəziyyətdədir və bu regionun ölkələrində vəziyyətin nəzarətdən çıxması ilə bağlı ortaq narahatlıq var. Bu məsələ həm də sionist rejimin Qəzzə və Livanda törətdiyi hücumlar və cinayətlərdən qaynaqlanır. Biz hər gün sionist rejimin yeni cinayətinin şahidi oluruq. Odur ki, region ölkələri arasında bu vəziyyətlə bağlı müştərək narahatlıq var.”

Ölkəmizin Xarici İşlər naziri sözlərinə belə davam edib: “Bu hücumları və cinayətləri dayandırmaq üçün regional və qlobal qətiyyət var.”

“Livanda atəşkəsin yaradılması faktı ciddi regional və beynəlxalq tələbə çevrilib, beləliklə o ölkənin qaçqınlarına yardım göstərmək mümkün olsun”- deyə, Əraqçi qeyd edib.

Xarici İşlər naziri deyib: “Çox təəssüf ki, biz və bütün region ölkələri baş verən cinayətlərin qarşısını almaq üçün regionda gərginliyi azaltmağa çalışarkən, Avropa və Qərb ölkələri artan gərginliyi yeni sanksiyalar tətbiq etməklə daha da artırırlar. Onlar hamıdan yaxşı bilirlər ki, sanksiyalar heç vaxt həll yolu olmayıb , heç vaxt İranla Qərbin münasibətlərində problemi həll edə bilməyib, əksinə, həmişə problemləri artırıb. İrana qarşı tətbiq edilən ağır sanksiyalardan sonra gərginliyi idarə etmək üçün danışıqlara getməyə məcbur olan və bunun faydasız olduğunu görən həmişə onlar olub.”

Doktor Əraqçi Qərbin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarının düşmənçilik kimi qiymətləndirildiyini və mövcud vəziyyətə kömək etməyəcəyini bəyan edərək deyib: “ABŞ və Avropanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar sadə insanları təyyarə ilə səyahət etməkdən məhrum edir, onları hədəfə alır. İndi bunun regionda gərginliyin azaldılmasında hansı effekti verə biləcəyi sual və təəssüf doğurur.”