Doktor Məsud Pezeşkiyan Rusiyanın Kazan şəhərinə səfər gündəliyinin davamında bu çərşənbə günü günortadan sonra Misir Prezidenti cənab Əbdülfəttah Əs-Sisi ilə görüşündə bildirib: “İran İslam Respublikası heç bir şəkildə müharibə və münaqişəyə can atmır.”
Prezident həmçinin deyib: “Əgər sionist rejim səhvə yol verərsə, əmin ola bilərsiniz ki, İran İslam Respublikası ona ağrılı cavab verəcək. Təbii ki, rejim İrana zərər verə bilər, amma cavab olaraq alacağı zərər təsəvvürün fövqündədir.”
Misir Prezidenti də bu görüşdə biz müsəlmanların güclərinin əsas amilinin bir-biri ilə vəhdət olduğunu bəyan edərək deyib: “Gücün komponentləri çox və rəngarəngdir, lakin onlardan ən əsası bizim birliyimiz və bir-birimizlə vəhdətimizdir. Qəzzə və Livanda müharibənin dayandırılmasına kömək etmək və münaqişələrin regionun digər hissələrinə yayılmasının qarşısını almaq üçün birlikdə çalışmalıyıq.”
Əbdülfəttah əs-Sisi əlavə edib: “Siyasi alim kimi deyil, ilk növbədə bir müsəlman kimi hesab edirəm ki, anlaşma və dostluğu genişləndirməklə işlərimizi inkişaf etdirməliyik. Ona görə də münasibətlərimizin problemlə üzləşdiyi bütün illərdə bir dəfə də olsun İran İslam Respublikasına qarşı mövqe tutmamışam. Məncə, siz son 40 ildə regionda və dünyada İranla bağlı təqdim olunan yanlış təsəvvürü düzəltməyə çalışmalısınız.”