Tehran - İRNA - Şərif Texnologiya Universitetinin professorları dünyadakı həmkarlarına ünvanladığı məktubda sionist rejimin Qəzzə zolağı və Livana hücumlarını müharibə aktı deyil, tammiqyaslı qırğın adlandırıb, elmi ictimaiyyəti İsrailin cinayət əməllərini pisləməyə çağırıblar.

Şərif Texnologiya Universitetinin professorları bu məktubun əvvəlində yazıblar: “Biz, bir qrup universitet müəllimi, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər son bir ildə Qəzzə zolağında, İordan çayının qərb sahilində və Livanın cənubunda İsrailin törətdiyi cinayətlər və dəhşətli soyqırım aktlarından narahatlığımızı və qəzəbimizi bildiririk.”
Məktubun davamında bildirilir: “İsrail beynəlxalq qanunları və BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini, o cümlədən 191, 242 və 338 saylı qətnamələri pozur. (Bu rejim) 1948-ci ildən bəri təxminən 76 ildir ki, Fələstin torpaqlarını işğal edib və qeyri-qanuni qəsəbələr salıb, bu torpaqların əsas demoqrafik tərkibini dəyişdirib, əsas insan hüquqlarını pozub, yerli xalqı evlərindən didərgin salıb, torpaqlarını müsadirə edib, saysız-hesabsız qətllər törədib. Bu hərəkətlər qiyamın və bu işğala məruz qalanların silahlı müqavimətinin ilkin və əsas amilləridir.”
Universitet müəllimləri Qərb azadlıq hərəkatlarına istinad edərək Qərbdəki həmkarlarına belə müraciət ediblər: “Nasist işğalı zamanı fransız partizanlarını, Yunanıstanda, Belçikada, Hollandiyada müqavimət hərəkatlarını və II Dünya Müharibəsi zamanı Yuqoslaviyada silahlı müqaviməti qanuni hesab edirsinizsə, Fələstin müqavimət hərəkatını da haqlı və ədalətli kimi tanımalısınız.”
Məktubun sonunda vurğulanır: “Biz milliyyətindən asılı olmayaraq bütün sülhsevər insanları və insani vicdanı təmiz olanları İsrailin cinayət əməllərini pisləməyə çağırırıq. Bütün cəbhələrdə dərhal atəşkəsə və İsrail ordusu tərəfindən insan qətlinə son qoyulmasına, İsrail ordusunun bütün işğal olunmuş torpaqlardan çıxarılmasına çağırırıq, həmçinin 1945-ci ildə nasist hərbi cinayətkarlarının və 1990-cı illərdə serb hərbi cinayətkarlarının mühakimə olunduğu kimi Qəzzə zolağında, İordan çayının qərb sahilində və Livanda kütləvi qətllərdə və terrorlarda əli olan bütün hərbi cinayətkarların mühakimə olunmasını tələb edirik.”