Tehran - İRNA - Fələstinli fəal dünyanın Qəzzə və Livan müharibəsi ilə məşğul olduğu bir vaxtda sionist rejimin həbsxanalarındakı əsirlərin xaotik vəziyyəti barədə məlumat verib.

Fadiyə Əl-Bərğusi deyib: “İsrailin Qəzzəyə qarşı müharibəsinin davam etməsi və onun Livanın cənubunda şiddətlənməsi, eləcə də bölgədəki sürətli proseslər İsrail həbsxanalarındakı fələstinli məhbusların işinə təsir edib və məhbuslar geniş zorakılığa məruz qalırlar.”
O, əlavə edib: “İşğalçıların məhbuslara qarşı cinayətləri geniş şəkildə artıb və onların bir çoxu həbsdə şəhid olub. Onlardan sonuncu, İordan çayının qərb sahilindəki Nablusdan olan Səmih Ələvi və Qəzzədən olan Nur Əslimdir. Bu iki nəfərin şəhid olması ilə bağlı ağır senzura mövcuddur.”
Fələstinli fəal bildirib: “Məhbuslara qarşı planlaşdırılmış hücumlar döyülmədən tutmuş işgəncə və qətllərə qədər müxtəlifdir. Onlar ac saxlanılır, təmizlik və sağlamlıq ləvazimatlarından məhrumdurlar. Onların yuyunmaq vaxtı qısadır. Bu vəziyyət, xüsusilə də tibbi müalicə olmadıqda təhlükəli dəri xəstəliklərinin yayılmasına səbəb olub.”
Əl-Bərğusinin sözlərinə görə, məhbuslar dini vacibatları da yerinə yetirmək daxil olmaqla, öz hüquqlarından məhrumdurlar. Qadın məhbusların məqnə və namaz çadırları müsadirə edilib, bəzilərinin isə “Damon” həbsxanasına daxil olarkən başlarından yaylıq və məqnə çıxarılıb.
“Onların bütün ağrı və iztirablarına hədə-qorxu və soyunma axtarışları və daimi təhqirlər əlavə edilməlidir. Beynəlxalq ədalətin olmaması, məhbusların vəziyyətinə biganəlik və medianın işğalçıların məhbuslara qarşı hərəkətlərinə diqqət yetirməməsi sionist rejim başçılarının məhbuslara qarşı qeyri-insani hərəkətlərini davam etdirməsinə səbəb olub” - deyə, o, əlavə edib.