Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri ərəbdilli medialardan biri ilə müxtəlif mövzularda söhbətində digər məsələlərlə yanaşı, Suriyadakı proseslər, Qəzzə müharibəsi, ölkəmizin Avropa ilə nüvə müzakirəsi və Amerika ilə dialoqla bağlı danışıb.

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi “Əl-Ərəbi Əl-Cədidə” müsahibəsində deyib: “Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya getməyi planlaşdırıram. Suriyadakı vəziyyəti sakitləşdirmək, təşəbbüsü ələ almaq və daimi həll yolu yaratmaq üçün bir çox hazırlıqlarımız var.”

Əraqçi deyib: “Biz həmişə Türkiyə ilə fikir ayrılıqlarımızla bağlı məsləhətləşmələr və dialoq ardıncayıq. Terrorçu qrupların Suriyadakı fəaliyyətinin genişlənməsi İrandan daha çox Suriyaya qonşu olan İraq, İordaniya və Türkiyə kimi ölkələrə zərər verə bilər.”

“Suriya hökumətinin Türkiyə qüvvələrinin bu ölkə ərazisindən çıxarılması şərti Bəşər Əsədlə Ərdoğanın görüşü üçün ilkin şərt kimi ağlabatandır” - deyə, o, vurğulayıb.

Əraqçi bildirib: “Əgər Suriya hökuməti İrandan bu ölkəyə qoşun göndərməsini istəsə, biz bu tələbi araşdıracağıq. İran nə Ərəb ölkələrindəki müqavimət qruplarına rəhbərlik edir, nə də onlarla təşkilati əlaqələri var, lakin onların işini dəstəkləyir və lazım gələrsə kömək edir.”

Xarici İşlər naziri müsahibəsinin davamında bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz yaxşı səviyyədə inkişaf edir və bizimlə Amerika arasında baş verənlərdən ayrıdır.

Nüvə danışıqlarına toxunan Əraqçi deyib: “Nüvə məsələsi ilə bağlı Avropa ilə danışıqlara bədbin yanaşmaq üçün çoxlu səbəblərimiz var. Hazırda biz Vaşinqtonla danışmaq niyyətində deyilik. Çünki belə danışıqlar üçün heç bir əsas yoxdur.”