Tehran - İRNA - Prezident İraqın Baş naziri ilə görüşündə deyib: “Hər iki ölkənin Suriyadakı hazırkı hadisələrlə bağlı ortaq narahatlıqları var. Suriyanın sabitlik və təhlükəsizliyi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması, terrorçu qrupların fəaliyyətləri ilə mübarizəsi, sionist rejimin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyi, dini həssaslıqlara, xüsusən də şiələrə aid mübarək məkanlarına diqqət yetirmək də bu narahatlıqlar arasındadır.”

Məsud Pezeşkiyan 8 yanvar çərşənbə günü Məhəmməd Şiya əl-Sudani ilə birgə mətbuat konfransında deyib: “Ümid edirik ki, bu səfər və tərəflər arasında mövcud olan yaxşı etimad fonunda ikitərəfli əməkdaşlığın inkişafı prosesi daha da sürətlənəcək və iki ölkənin yaxınlaşması istiqamətində təsirli addımlar atılacaq.”
Prezident deyib: “İraq Respublikası mühüm qonşu ölkə və İran İslam Respublikasının strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə davam etməsi və müxtəlif səviyyələrdə ikitərəfli əməkdaşlığın miqyasının günü-gündən genişlənməsi sevindirici haldır.”
“İraq terrorizmdən qurtulduqdan sonra, xüsusilə qardaşım Əl-Sudaninin iştirakı ilə yaxşı inkişaf və tərəqqi dövrünü yaşayır. İnşallah bu yol davam edəcək” - deyə, doktor Pezeşkiyan vurğulayıb.
İran Prezidenti deyib: “Hər iki ölkənin Suriyadakı hazırkı hadisələrlə bağlı ortaq narahatlıqları var. Suriyanın sabitlik və təhlükəsizliyi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması, terrorçu qrupların fəaliyyətləri ilə mübarizəsi, sionist rejimin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyi, dini həssaslıqlara, xüsusən də şiələrə aid mübarək məkanlarına diqqət yetirmək də bu narahatlıqlar arasındadır.”
İraqın Baş naziri İran Prezidentinin yaxşı qəbulunu və qonaqpərvərliyini yüksək qiymətləndirərək deyib: “ Tehrana bugünkü səfər iki ölkə arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi çərçivəsində baş tutub. Biz Tehran və Bağdad arasında əməkdaşlığı genişləndirməyə çalışırıq ki, iki ölkə münasibətlərində təhlükəsizlik, sabitlik və rifahın reallaşmasını görək.”
İraqın Baş naziri qeyd edib: “Bu gün biz mövcud vəziyyət və hadisələr kimi mühüm regional və beynəlxalq məsələləri müzakirə etdik. İraq Qəzzədə və fələstinlilərə qarşı baş verən hərbi cinayətləri və kütləvi qətlləri pisləyir. Məzlum Qəzzə əhalisinin məqsədyönlü şəkildə qətliam edildiyini görürük. Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərinin qarşısını ala bilməyib. Eyni zamanda, bu cinayətlər regionun və dünyanın təhlükəsizliyini və sülhünü təhdid edir.”
İraqın Baş naziri əlavə edib: “Bu bölgədə sülh və sabitliyin yeganə yolu Qəzzədə dağıdıcı müharibəni dayandırmaq və Fələstin xalqının azad dövlət əsasında öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsidir. Həmçinin İraqın Livanda sülhün və atəşkəsin davam etdirilməsinə dair mövqeyi qətidir.”