London - İRNA - İngiltərə insan haqlarının müdafiəçisi olduğunu iddia edən bir ölkə kimi hazırda tənqid dalğası ilə üzləşib və Londonda Fələstin tərəfdarı olan son nümayişlərin yatırılması ilə bağlı müstəqil araşdırma tələb olunur. Həmkarlar ittifaqları, insan haqları təşkilatları və bəzi parlament üzvləri polisin hərəkətlərini “zorakı və narahatedici repressiya” kimi qiymətləndiriblər.

Yanvarın 18-də Londonun mərkəzində etirazlara zorakı cavab verdikdən sonra London polisinə təzyiqlər artıb. Fələstin xalqına dəstək məqsədilə keçirilən nümayiş zamanı aralarında mitinqin təşkilində lider rolu olan bəzi tanınmış simaların da olduğu 70-dən çox adam həbs edilib.

İngiltərənin bir sıra həmkarlar ittifaqı liderləri bu ölkənin daxili işlər naziri Ute Kuperə məktub göndərərək polisin etirazçılara qarşı zorakı rəftarını müstəqil araşdırmaya çağırıb. Bu məktub əvvəllər millət vəkilləri, hüquqşünaslar və İngiltərənin Fələstin Komitəsi tərəfindən hökumətə edilən oxşar tələblərin davamında verilir.

Amnesty İnternational təşkilatı da London polisinin reaksiyasından narahatlığını ifadə edərək, bunu “ifadə azadlığına və dinc toplaşmaq hüququna basqı” kimi qiymətləndirib. Bundan əlavə, London Şəhər Şurasında Yaşıllar Partiyasının nümayəndəsi Zoe Qarbet 150-dən çox İngiltərə vətəndaşının onunla əlaqə saxladığını və polis toqquşmaları, etirazçıların blokadaları, hətta uşaqlara, hamilə qadınlara və qocalara qarşı zorakılıq barədə məlumat verdiyini açıqlayıb.