Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi fevralın 23-də bazar günü axşam saatlarında Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Konfransının yüksək səviyyəli iclasında nüvə silahlarının ciddi təhlükəsi və fəlakətli humanitar və ətraf mühit nəticələri ilə bağlı narahatlığını ifadə edərək, nüvə tərksilahı məsələsini BMT və beynəlxalq ictimaiyyətin ən yüksək prioriteti kimi saxlamağa çağırıb.
Xarici İşlər naziri həmçinin nüvə silahlarına dair hərtərəfli konvensiyanın bağlanmasını zəruri hesab edib.
Ölkəmizin Xarici İşlər naziri deyib: “Xüsusilə NPT-nin 6-cı maddəsinə əsasən, nüvə tərksilahı ilə bağlı hüquqi cəhətdən məcburi öhdəliklərə əməl edilməməsi tərksilah və silahlara nəzarət rejiminin zəifləməsinə gətirib çıxarır. Beynəlxalq ictimaiyyət nüvə silahına malik dövlətlərdən beynəlxalq hüquqi öhdəliklərinə görə cavabdehlik tələb etməlidir.”
Seyid Abbas Əraqçi geosiyasi gərginliyə baxmayaraq, silahlı münaqişələrin yayılmasını narahatedici adlandırıb və xatırladıb ki, bəzi ölkələr təhlükəsizlik bəhanəsi ilə silah istehsalı və saxlanmasına külli miqdarda vəsait xərcləyib, regionda və dünyada qeyri-təhlükəsizlik dövrünün və qan tökülməsinin təkrarlanmasına töhfə verirlər.
“İsrail rejimi Qəzzədə soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər kimi ən misli görünməmiş və vəhşi əməlləri törədib. İsrailin Qəzzəyə təcavüzü zolağın dağıdılmasına və əksəriyyəti uşaq, qadın və qoca olmaqla 46 mindən çox insanın qətliamına səbəb olub. Tarixdə heç vaxt bu qədər jurnalist, tibb işçisi və BMT əməkdaşı silahlı qarşıdurmada öldürülməyib. İsrail rejimi tərəfindən törədilən müharibə cinayətləri, etnik təmizləmə, məcburi köçkünlük və kütləvi aclıq heç vaxt cəzasız qalmamalıdır” - deyə, Xarici İşlər naziri qeyd edib.
Əraqçi bəyan edib: “İsrail rejiminin əlində olan kütləvi qırğın silahları, o cümlədən nüvə silahları regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir. Bu, Yaxın Şərqdə ilk dəfə 1974-cü ildə İran tərəfindən təklif edilən nüvə silahından azad zona yaradılmasının qarşısını alır. Beynəlxalq ictimaiyyət bu rejimi məsuliyyətə cəlb etməli və onu nüvə silahı olmayan tərəf kimi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa, öz nüvə silahlarını tamamilə və dönməz şəkildə məhv etməyə məcbur etməli, bütün nüvə fəaliyyətlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hərtərəfli nəzarətləri altına qoymalıdır.”
Ölkəmizin Xarici İşlər naziri həmçinin kosmosun silahsızlaşdırılmasının zəruriliyinə toxunaraq əlavə edib: “İran kosmosdan dinc məqsədlərlə istifadəyə dair ardıcıl mövqeyini bir daha bəyan edir, xalqların kosmosdan dinc məqsədlərlə istifadəsinə dair ayrılmaz hüquqlarını pozan birtərəfli məcburi tədbirlər tətbiq etmək cəhdini qətiyyətlə rədd edir.”