Tehran - İRNA - Xarici İşlər naziri İranın üç Avropa ölkəsi ilə əlaqələrinin son illərdə enişli-yoxuşlu olduğuna işarə edərək deyib: “Yenə də Avropaya diplomatiya təklif edirəm və onların fərqli bir yol formalaşdırmaq imkanı var.”

Xarici İşlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində İranın Fransa, Almaniya və İngiltərə ilə əlaqələrinə toxunaraq, yazıb: “İranın üç Avropa ölkəsi ilə münasibətlərində son illərdə eniş-yoxuş olub. İstəsək də, istəməsək də bu münasibətlər hazırda tənəzzül mərhələsindədir. Niyə? Hər tərəfin öz yanaşması var. Məncə, məzəmmət etmək mənasızdır. Əsas odur ki, hazırkı vəziyyət hər iki tərəf üçün uduzmaqdır.”

Xarici İşlər naziri qeyd edib ki, mən keçən ilin sentyabrında Nyu-Yorkda üç ölkənin xarici işlər nazirləri və digər avropalı həmkarları ilə görüşəndə dialoq təklif etdim; dedim ki, gəlin qarşıdurmanın yerinə əməkdaşlığı seçək, təkcə nüvə məsələsində deyil, bizim ümumi maraqlarımız və narahatlıqlarımız olan istənilən başqa sahədə. Təəssüf ki, onlar çətin yolu seçdilər.

Əraqçi sonra yazıb: “Bir daha diplomatiyanı təklif edirəm. Bu yaxınlarda Moskva və Pekində apardığım müzakirələrdən sonra Parisə, Berlinə və Londona səfər edərək ilk addımı atmağa hazıram. Mən ABŞ-la dolayı dialoq başlamazdan əvvəl bunu etməyə hazır idim, lakin üç Avropa ölkəsi bunu istəmədi.”

Xarici İşlər naziri topun hazırda Avropa meydanında olduğunu bildirərək deyib: “Onların “xüsusi maraq qruplarının” təsirindən qurtulmaq və fərqli bir yol qurmaq imkanı var. Bu kritik nöqtədə necə davranacağımız, çox güman ki, gələcək üfüqü müəyyən edəcək.”