Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti Azərbaycan Respublikasına səfəri ərəfəsində bu ölkənin dövlət televiziyasına müsahibə verib.

Bu televiziya müsahibəsinin tam mətni aşağıdakı kimidir:

Aparıcı: Əvvəlcə dünənki hadisə ilə bağlı başsağlığı vermək istəyirəm. Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara can sağlığı arzu edirik.

Prezident: Təşəkkür edirəm.

Aparıcı: Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, vaxtınızı Azərbaycan dövlət televiziya kanalına ayırdığınız üçün sizə təşəkkür edirik. Sualımıza sizin Azərbaycan Respublikasına gözlənilən səfərindən başlayaq. Bu sizin İran Prezidenti kimi Azərbaycana ilk səfərinizdir. Bu səfər həm regional, həm də qlobal səviyyədə böyük maraq və həyəcan doğurur. Xüsusilə, Azərbaycan və İran arasında yüz illərlə formalaşmış tarixi bağlar fonunda. Biz sizin təəssüratlarınızı öyrənmək istərdik. Bu səfər sizdə hansı hislər yaradır? Gözləntilər necədir?

Prezident: Bismillahir-Rəhmanir-Rəhim. Çox şadam ki, siz burdasınız və daha çox şadam ki, Azərbaycana səfər edirəm. Çünki biz orada özümüzü qərib hesab etmirik. Biz indi qonşuyuq və qədimdən bir yerdə olmuşuq. Baxmayaraq ki, aramızda sərhəd yaradılıb, məncə, bu sərhəd o qədər də əhəmiyyətli deyil. Ona görə ki, qonşuların onları ayırmaq üçün həmişə divarları vardır, amma onlar yenə də bir yerdədirlər. Qonşular bir-biri ilə ünsiyyət qura, kədərə və sevincə şərik ola bilərlər. Biz bu hissi Azərbaycandakı əziz qardaş və bacılarımızla bölüşürük.

Ölkələrin öz qonşuları ilə münasibətlərinə üstünlük verməli olduqlarına inanaraq, bizdə heç vaxt Azərbaycanla qəriblik hissi yoxdur. İnşallah, qardaşım İlham Əliyevlə aparacağım söhbətlərdə, keçiriləcək görüşlərdə çalışacağam ki, keçmişdə olduğu kimi, bir-birimizlə yaxşı və mehriban qardaş, dost olaq.

Aparıcı: Dediyiniz kimi Azərbaycana səfəriniz zamanı Azərbaycan Prezidenti ilə görüşünüz baş tutacaq. Sizinlə Azərbaycan Prezidenti arasında hansı mövzular müzakirə olunacaq? Xüsusən də ona görə ki, hər iki ölkənin xalqı iki prezident arasında strateji məsələlərin nədən ibarət olacağı ilə maraqlanır.

Prezident: İki qardaş və iki qonşu nə edir? Elm, iqtisadiyyat, sənaye, mədəniyyət, səhiyyə, müalicə və ticarət baxımından sahib olduğumuz güc və bacarıqları nəzərə alsaq, bir-birimizlə əlaqələr qura bilərik. Əsas məsələ odur ki, biz qonşu olaraq bir çox sahələrdə bir-birimizə kömək edə bilərik. Biz xalqımızın inkişafı, qüruru, izzəti, sağlamlığı üçün əl-ələ verib bölgədə dinc həyat və sağlam münasibətlər yarada bilərik.

Bu görüşlərdə biz bir yerdə oturub akademik, ticarət, elmi, mədəni, incəsənət və iqtisadi sahələrdə əlaqələr qura bilərik. Biz bir-birimizlə qohumuq və iki ölkə xalqı arasında daha çox gediş-gəliş və fikir mübadiləsinə yol açmalıyıq. Nəticədə bir-birimizə kömək edə və bir-birimizə yaxşı və dinc bir həyat təmin edə bilərik.

Aparıcı: İran və Azərbaycan arasında əlaqələr inkişaf edir. İki ölkə arasında etimadı gücləndirmək üçün hansı tədbirləri görmək niyyətindəsiniz? Məsələn, parlament əlaqələri, mədəni əlaqələr və ya təhsil və tədqiqat əməkdaşlığının inkişafı. Bunlardan hansı prioritetdir? Bununla bağlı hansı tədbirləri həyata keçirməyi planlaşdırırsınız? Ümumiyyətlə, iki ölkə arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi üçün hansı tədbirləri nəzərdən keçirmisiniz?

Prezident: Biz istənilən əməkdaşlığa, təcrübənin Azərbaycana və əksinə ötürülməsinə hazırıq. Fikrimcə, birgə fəaliyyətlər üçün heç bir məhdudiyyət yoxdur. Təbii ki, parlamentlər arasında əlaqələr mühüm addımdır. Universitetlər və universitet müəllimləri arasında qarşılıqlı əlaqə növbəti addımdır. Səhiyyə, müalicə, dərman və avadanlıq sahələrində də bir-birimizə kömək edə bilərik.

Sənaye, ticarət, birgə investisiyalar sahələrində də qarşılıqlı əməkdaşlıq imkanları yaradıla bilər. Mədəniyyət, idman, incəsənət və digər sahələrdə bir-birimizə kömək edə biləcəyimiz bütün sahələrdə sağlam və yaxşı əlaqələr yarana bilər.

Aparıcı: Cənab Prezident, hazırda Ermənistanla Azərbaycan arasında çətin sülh prosesi gedir. Məsələnin müsbət məcrada inkişaf etməsi üçün İranın mövqeyi necədir? Rəsmi Tehran hansı dəstəyi təklif edə bilər? Ümumiyyətlə, İranın yeni rəhbərliyi regionda sabitliyi təmin etmək üçün hansı siyasəti yürütməyi nəzərdə tutur?

Prezident: İstənilən işdə ilk addım odur ki, hər bir tərəf öz hüdudları ilə kifayətlənsin və başqasının torpağına və ya ərazisinə həris olmasın. Mübahisə o zaman başlayır ki, bir tərəf başqalarının torpaqlarına və ya ərazilərinə nəzarəti ələ keçirməyə çalışır. Nəticə etibarı ilə, bizim hər zaman müdafiə etdiyimiz və ona doğru getməli olduğumuza inandığımız şey ölkələrin hüquqlarına və ərazi bütövlüyünə hörmətdir. Biz bu prinsipə hörmət etməliyik.

Bütün ölkələr, hətta özümüz belə beynəlxalq hüquq normaları çərçivəsində bu qaydanı qəbul etmişik. Ümid edirik ki, beynəlxalq qanun çərçivələri qəbul etməklə Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqları və narahatlıqlar aradan qalxacaq.

Problem o zaman başlayır ki, biz öz haqlarımızla kifayətlənmək istəmirik. Bu baş verəndə fikir ayrılığı yaranır. Biz hər zaman Azərbaycanın hüquqlarını müdafiə etmişik. Təbii ki, eyni çərçivədə Ermənistanın hüquqlarını da müdafiə edirik. Biz bunu etməyə çalışacağıq ki, hər iki tərəf sülh, qardaşlıq və qonşuluq çərçivəsində yaşasın, bir-birinə kömək etsin.

Aparıcı: Cənab Prezident, İran üçün Zəngəzur dəhlizi birmənalı deyil. Azərbaycan üçün isə çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə, ölkəmizin bir hissəsi olan Naxçıvanla birbaşa əlaqənin təmini baxımından. Siz bu məsələnin həlli yollarını necə görürsünüz? İranın bu koridora baxışı necədir?

Prezident: Baxın, əvvəldə də dediyim kimi biz bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq, başqasının torpağında gözümüz olmamalıdır. Bu, birinci və ən vacib qanundur.

Azərbaycanla Ermənistan arasında sərhəd və ərazi məsələləri o zaman həll oluna bilər ki, iki ölkə arasında siyasi və ticarət əlaqələri hər iki tərəfin hüquqları nəzərə alınmaqla həll olunsun.

Bizim indi problemi həll etmək üçün etdiyimiz odur ki, azərbaycanlı əziz qardaş və bacılarımızın İran üzərindən Naxçıvan bölgəsinə gəlməsi üçün İran marşrutunu hazırlayırıq. Orada yol və dəmir yolu tikintisi işləri sürətlə gedir. Biz razılığa gəldik, inşallah, Azərbaycanla Naxçıvan arasında əlaqənin qurulmasında heç bir problem olmayacaq. Biz İranı azərilərin ikinci vətəni hesab edirik. Nə vaxt bizim torpağımıza ayaq bassalar, bu bizim üçün mübarək olacaq.

Aparıcı: İcazə verin Astara-Astara dəmir yolu xəttinin istismarından danışım. İran Şimal-Cənub dəhlizindən nə gözləyir? İki ölkə arasında quru və dəmir yolu nəqliyyatının inkişafı sahəsində hansı planlar ola bilər? Bu planlar hansı əməliyyat mərhələsindədir?

Prezident: Yollar ictimai həyatın ana xətləridir. Yollar insanın ürəyi və qan damarlarına bənzəyir, əslində insanların yaşamasının səbəbi budur. İstər qatar, istər magistral və ya hər hansı digər marşrut olsun, bunların hamısı inkişaf və tərəqqiyə aparan yollardır.

Bu baxımdan, Astaranı Astaraya, həmçinin Astaranı Rəştə birləşdirməyə xüsusi diqqət ayırırıq və orada dəmir yolu xəttinin həyata keçirilməsi də gündəliyimizdə var.

Bu marşrutlar bizimlə Azərbaycan arasında ticarət, mədəni və iqtisadi əlaqələri gücləndirə bilər. İkinci məqam ondan ibarətdir ki, Azərbaycan Rusiyanın İrana, İran üzərindən də Fars körfəzinə çıxışı üçün tranzit yolu ola bilər. İran həm də Azərbaycan mallarının və məhsullarının bütün dünyaya ixracı üçün tranzit marşrut ola bilər.

Nəticədə biz İran tərəfində bu yolları sürətlə tikirik ki, hazır olsun. Sonra biz bu məsələdə əziz qardaşımız, möhtərəm Azərbaycanın Prezidenti ilə bu məsələ üzərində razılaşacağıq ki, Şimal-Cənub marşrutunu, daxili yolları tez bir zamanda yekunlaşdıraq və gediş-gəlişi asanlaşdıraq.

Aparıcı: İranla Azərbaycan arasında enerji sahəsində yeni sazişlər formalaşır. Məsələn, yaşıl enerjidən söhbət gedir! İranın yaxın gələcəkdə bununla bağlı hansı planları var?

Prezident: Yaşıl enerjiyə gəlincə, Araz çayı üzərində Allahın bizə verdiyi yol var. Burada bəndlər tikilib və digərləri tikilir. Biz bu bəndlərdən təmiz enerji əldə edə bilərik. Orada bir-birimizlə çox asanlıqla konstruktiv qarşılıqlı əlaqə qura bilərik. Təbii ki, biz günəş, külək enerjisi və digər məsələlərlə bağlı da bir-birimizlə əlaqə saxlaya bilərik. Bu, iki ölkə arasında razılaşdırılmış sənaye və akademik sahələrdə əməkdaşlıq sayəsində mümkündür.

Aparıcı: İran və Azərbaycan beynəlxalq forumlarda bir-birinin mövqelərini dəstəkləyirlər. İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı kimi platformalar bu qarşılıqlı əlaqələrə misaldır. İranın beynəlxalq platformalarda Azərbaycandan hansı gözləntiləri var? BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqla bağlı İranın rəsmi mövqeləri necədir? Bu çərçivədə Tehran Bakıya hansı yardımı göstərə bilər?

Prezident: Əgər əlaqələrimizi gücləndirsək, BRİKS, Şanxay və ya Avrasiya və beynəlxalq müqavilələr əməkdaşlığın növbəti addımıdır. Bu təşkilatlar bizim iqtisadi və elmi əlaqələrimizi gücləndirmək, təcrübələrimizi bir-birimizə ötürmək, bu qurumlar çərçivəsində maliyyə və siyasi əlaqələrimizi təşkil etmək üçün yaradılmışdır. Əgər biz ikitərəfli əlaqələri gücləndirsək, növbəti addım region ölkələri arasında sinerji vasitəsilə regional kommunikasiyaların və əməkdaşlığın təşkili üçün belə təşkilatlarda əməkdaşlığı genişləndirmək olacaq.

Təbii ki, bu yolla həm iqtisadi gücümüzü artıra, həm də regional təcrübə və texnologiyalara çıxış əldə edə bilərik. Bu təşkilatlara və müqavilələrə daxil olmağımız baxışımızın dərinləşdirə və təcrübə, elm və texnologiyanın ötürülməsini asanlaşdıra bilər.

Aparıcı: Cənab Prezident, qeyd etdiyiniz mühüm quru yol layihələrindən biri də Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında İran üzərindən quru yol əlaqəsinin yaradılmasıdır. Sizcə, yuxarıda qeyd olunan yolun yaradılması və İranın bu layihədə iştirakı regionda tranzit planlarına nə dərəcədə təsir edəcək? İran yuxarıda qeyd olunan yol üzrə daşıma potensialını və yolun təhlükəsizliyini necə qiymətləndirir?

Prezident: Təhlükəsizlik, təbii ki, bizim borcumuzdur və Allahın lütfü və qüdrəti ilə indi ölkəmizdə təhlükəsizlik bərqərardır. Amma yola gəlincə, hazırda podratçı şirkətlərimiz bu yolda sürətlə işləyirlər. Bizim səyimiz bu marşrutu mümkün qədər tez daşınma üçün daha sağlam, daha geniş və təhlükəsiz etməkdir.

Yol və Şəhərsalma nazirimiz bu yaxınlarda orada olub, işlərin gedişini qiymətləndirib. Ümid edirəm ki, bu marşrut Azərbaycanla Naxçıvan arasında bütün kommunikasiya problemlərini həll edəcək. Bundan əlavə, bu yol Azərbaycan Respublikası ilə Təbriz, Ərdəbil, Urmiya və İranın digər bölgələri arasında təhlükəsiz və etibarlı əlaqə təmin edə bilər.

Aparıcı: Azərbaycan Respublikasında sizinlə çox maraqlanır və danışıqlarınızı izləyirlər. Siz çıxışlarınızda Məhəmmədhüseyn Şəhriyarın şeirlərini oxuyursunuz. Bu müsahibədə Şəhriyarın hansı şeirindən bizim üçün bir neçə bənd söyləmək istəyərdiniz?

Prezident: Mən Şəhriyarın şeirlərini, xüsusən də “Heydərbaba” poemasını çox sevirəm. Ona görə ki, bu bir növ həyatı özündə əks etdirir və özümüz də belə yaşamışıq. Bu şeiri çox vaxt özümə zümzümə edirəm. Şeirlərindən birində deyilir:

Heydər baba kəndin günü batanda

Uşaqların şamın yeyib yatanda

Ay buluddan çıxıb qaş-göz atanda

Bizdən də bir mümkün olsa yad elə

Açılmayan ürəkləri şad elə

Qarı nənə gecə nağıl deyəndə

Külək qalxıb qap-bacanı döyəndə

Qurd keçinin şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım

Bir gül açıb, ondan sonra solaydım

Əmməcanın bal bəlləsin yeyərdim

Ondan durub üst donumu geyərdim

Baxçalarda tiringəni deyərdim

Ay özümü o əzdirən günlərim

Ağac minib at gəzdirən günlərim

Aparıcı: Cənab Prezident, son illər biz iki qonşu ölkə arasında gərgin hadisələrin şahidi olduq. Deyə bilərikmi, o mərhələ artıq keçdi? Bəs bundan sonra iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün nə etmək olar?

Prezident: Dünyanın bütün ölkələrində bəzən çərçivələr qırılır və insanlar deyilməməli olan sözlər deyirlər. Elə indi ölkəmizdə bəzi insanlar bizi qəbul etməyə bilər. Biz müxtəlif ölkələrin siyasətçiləri və siyasi rəsmiləri, eləcə də elit insanları və ziyalıları diqqətli olmalıyıq ki, bəzi şəxslərin düşünülməmiş, prinsipsiz davranışları böyüklər arasında fikir ayrılığı yaratmasın.

Biz uşaq olanda uşaqlar savaşır, sonra barışırdılar. Amma bəzən böyüklər davaya cəlb olurdular, sonra da bir-birlərilə küsürdülər. Biz münasibətlərimizi korlamaq istəyən bir qrup adamın uşaqcasına mübahisələrinin və düşünülməmiş davranışının böyüklər arasında fikir ayrılığına səbəb olmasına imkan verməməliyik.

Biz Azərbaycan Respublikasındakı qardaş və bacılarımıza bütün vücudumuzla sevgi bəsləyirik, onları sevirik və onları özümüzdən hesab edirik, bütün əzizlərimizə başucalığı, uğurlar və izzət arzulayırıq.

Aparıcı: Sizinlə daha çox danışmaq istərdik, amma bilirik ki, siz çox məşğulsunuz. Bu səbəbdən bizə ayırdığınız vaxta görə sizə dərin təşəkkürümüzü bildiririk.