Tehran - İRNA - İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinə cavab olaraq Yəmən ordusu bu rejimə qarşı tam hava blokadası tətbiq etdiyini elan edib və bütün hava yolları şirkətlərini İsrail hava limanlarına uçuşları dayandırmağa çağırıb.

Əl-Məsirə kanalı Yəmən ordusunun bəyanatına istinadən xəbər verir ki, bu ölkənin silahlı qüvvələri bəyanatın yayıldığı andan İsrail rejiminə qarşı tam hava blokadası elan edib.

Bu hərəkət İsrail rejiminin Qəzza zolağına qarşı təcavüzünün genişlənməsinə cavab olaraq atılıb.

Açıqlamada Yəmən ordusunun İsrail hava limanlarına, xüsusilə İsraildə "Ben Qurion" kimi tanınan Lod Hava Limanına təkrar hücumlar edərək mühasirəni gücləndirəcəyi vurğulanıb.

Yəmən ordusu həmçinin bütün beynəlxalq hava yolları şirkətlərini bu bəyanatın məzmununu ciddi qəbul etməyə və öz təyyarələrinin və sərnişinlərinin təhlükəsizliyini qorumaq üçün dərc edildiyi vaxtdan İsrail rejiminin nəzarəti altında olan hava limanlarına uçuşları ləğv etməyə çağırıb.