Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Kaya Kallas ilə telefon danışığında onu İran və ABŞ arasında dolayısı danışıqların son prosesi barədə məlumatlandırıb və vurğulayıb ki, İranla razılıq əldə etmək qeyri-real və məntiqsiz mövqelərdən qaçmağı tələb edir.

İran İslam Respublikasının Xarici İşlər naziri bu gün (5 may, bazar ertəsi) günortadan sonra Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi ilə telefon danışığında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi və məsləhətləşmələr aparmaqla yanaşı, İran və ABŞ arasında dolayısı danışıqların son prosesi barədə onu məlumatlandırıb.

Əraqçi İranın sülhməramlı nüvə proqramı ilə bağlı süni narahatlıqların aradan qaldırılması üçün diplomatiya yolunu seçməkdə İran İslam Respublikasının məsuliyyətli yanaşmasına toxunub, bu yolu irəliləməyin qarşı tərəfdən ciddi iradə və realizm tələb etdiyini bildirərək vurğulayıb: “Əgər iddia edildiyi kimi, yeganə narahatlıq İranın nüvə silahı əldə etməsi ehtimalıdırsa, bu narahatlıq aradan qaldırıla bilər və bu məsələdə razılığa gəlmək tamamilə mümkündür, amma bu, qeyri-real və məntiqsiz mövqelərdən qaçmağı tələb edir.”

İran İslam Respublikasının Xarici İşlər naziri həmçinin ötən il ərzində üç Avropa ölkəsi Almaniya, Fransa və İngiltərə ilə bir neçə raund danışıqların keçirilməsinə toxunub, İranın istər Avropa İttifaqı, istərsə də üç Avropa ölkəsi şəklində Avropa tərəfləri ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazır olduğunu vurğulayaraq, bu danışıqların siyasi qərəzsiz, konstruktiv yanaşma ilə baş tutacağına və davam etdiriləcəyinə ümid etdiyini bildirib.